Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1180/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş edib göstərmişdir ki, xx.xx.2020ci il tarixdə “xxxxxxx” MMC-də sürücü vəzifəsində işləyərkən idarə etdiyi “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla “7B" marşrut xəttində hərəkət edən zaman avtobusun ön sağ tərəfində hərəkət edən “Mercedes-Benz” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yaxın məsafədən yolun sağ tərəfinə çəkilib bir anda aldadıcı hərəkət edərək geri dönmə manevri etmiş və nəticədə məsafə çox yaxın olduğundan qəza baş vermişdir. Həmin hadisəni avtobusdakı kameradan qeydə alan video görüntülər mövcuddur. Qəza barədə “102” xidmətinə, sığorta şirkətinə və “xxxxxxx" MMC-yə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları və sığorta şirkətinin nümayəndələri bildirmişlər ki, hadisənin baş verməsinə səbəb “Mercedes-Benz” markalı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozması olmuşdur. Məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət etmiş, orada onu “Elçin” adlı mülki geyimli şəxs qəbul etmiş, hadisə barədə ondan izahatının alınmaması barədə etiraz bildirdikdə, həmin şəxs onunla kobud şəkildə danışaraq hadisəni araşdırdıqdan sonra ona məlumat verəcəklərini bildirmişdir. Daha sonra “xxxxxxx” MMC vasitəsilə hadisə ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi haqqında məlumat almışdır. Hadisə xx.xx.2020-ci il tarixdə baş versə də, həmin vaxtda səlahiyyətli orqan tərəfindən protokol tərtib edilməmiş, izahatlar alınmamışdır. Lakin inzibati xəta haqqında protokola əsasən hadisə guya xx.xx.2020-ci il tarixdə, 10.40-da baş vermiş və o, idarə etdiyi “İveco Crealis" markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hüquqları kobud şəkildə pozularaq onun xəbəri və iştirakı olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Tədqiq edilmiş materiallardan görünür ki, X3 barəsində olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1180/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1180/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver