Məhkəmə qərarları › İş №3(006)-1183/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1183/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1183/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərardan şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, “Mercedes-Benz C180 Minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edən səlahiyyətli şəxs inzibati xətanı xüsusi qurğular vasitəsilə yox, dayanma, durma və parklama qaydalarının pozulmasını şəxsən aşkarlamalı və bu zaman sürücünün sükan arxasında olmaması vacib şərtdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar (xx.xx.2023-cü il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının xx.xx.2022ci il tarixli 694-VİQD nömrəli Qanunu ilə bu maddədə “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir) foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Təqdim olunan foto şəkillərlə sübut olunur ki, tərtib edilmiş sözügedən qərarda göstərilənlər həqiqəti əks etdirmir, adı çəkilən qərar səlahiyyətli şəxs tərəfindən tərtib edilərkən qeyd edilən inzibati xəta yerində deyil, yuxarıdan asılmış qurğu əsasında aşkarlanmışdır. Bakı Nəqliyyat Agentliyinin kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün fotoşəkillərdə bu barədə qeyd yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılmasını müəyyən etmək mümkün deyil. Bu hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. Hazırkı vəziyyətdə xüsusi texniki vasitə kimi Bakı Nəqliyyat Agentliyinin kameralarının göstəriciləri həmin inzibati xətanı təsdiq etmək üçün kifayət etmir. Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xətanın məhz İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi üzrə deyil, İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsi üzrə aparıldığı və bununla da inzibati xətanın bilavasitə aşkar oldunduğunu hesab edilsə də, belə vəziyyətdə nəzərə alınmalıdır ki, belə hallarda xətanı aşkar edən şəxs fiziki şəxs, yəni Bakı Nəqliyyat Agentliyinin əməkdaşı bu xətanı kamera qarşısında oturub müəyyən edir. Əgər belədirsə, onda həmin qərar elektron qərar hesab edilmir. Göründüyü kimi barəsində şikayət verilmiş inzibati xəta haqqında qərarın Bakı Nəqliyyat Agentliyinin Maliyyə və büdcə proqnazlaşdırması şöbəsinin müdiri Azər Yusifov tərəfindən tərtib edildiyi göstərilmişdir. Qərarın imza bölməsində həmin şəxsin soyadı və adı yazılmışdır. Lakin həmin qərar “elektron imza ilə” təsdiqlənməmişdir. Bundan əlavə, həmin qərar onu qəbul etmiş Azər Yusifov tərəfindən imzalanmamışdır. Beləliklə, imzalanmamış qərarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında X3 şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ona bu cərimə barədə xəbərdarlıq gəlməmiş, yol polisi əməkdaşları onu saxlamamış, yalnız sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə məsələ haqqında xəbərdar olmuşdur. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 xx.xx.2019-cu il tarixdə, saat 08:57 radələrində «Mercedes-Benz C180 Minik» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir; Məhkəmə şikayəti və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əsasən “Hikvision” markalı, DS- 2DF8236İX-AELW(BNA) modelli planşetin (bort kompyuterin) qeydə aldığı fotoşəkilə görə Nəsimi rayonu, Azadlıq prospektində xx.xx.2019-cu il tarixdə, saat 08:57:59-da dayanmadurma qaydalarını pozduğuna görə «Mercedes-Benz C180 Minik» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar (xx.xx.2023-cü il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 694-VİQD nömrəli Qanunu ilə bu maddədə “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir) foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Göründüyü kimi X3 tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (kameranın) aşkar edilmişdir. Lakin, həmin zaman qüvvədə olan qanuna görə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində bu Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni, inzibati xəta bilavasitə aşkar edilməmiş, qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi onun törədildiyi yerdə olmaqla onu yerində aşkar etməmişdir. Belə olan halda, X3 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə: • İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur (8-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir (134.1.3-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar