Məhkəmə qərarları › İş №3(006)-1188/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1188/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1188/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Toyota Prius” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Bakıxanov küçəsindən gəlib Ceyhun Hacıbayəli küçəsinə dönüb hərəkəti davam edən vaxt ehtiyatsızlıq edib gözləmədiyi üçün “Koroğlu” parkı tərəfdən “Dədə Qorqud” parkına piyada yol keçən Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Bakıxanov küçəsindən gəlib Ceyhun Hacıbayəli küçəsinə dönüb hərəkəti davam edən vaxt “Koroğlu” parkı tərəfdən “Dədə Qorqud” parkına piyada yol keçən Zərərçəkmiş şəxs vurmuş, sonuncu həmin vaxt yerə yıxılmışdır. O dərhal maşını saxlamış, zərərçəkmiş şəxs isə ayağa durub getmək istəmiş, daha sonra polis əməkdaşları gəlmişlər. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 tərəfindən verilən 1549 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X1 PHŞyə müraciət etmiş və ona “sağ çiyin qurşağının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə ğörə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-1137 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar