Məhkəmə qərarları › İş №3(006)-1189/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1189/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1189/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X1 “Azərbaycan Dəmir Yolları" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 3 saylı “Bakı Dost Mərkəzi”nə xx.xx.2023-cü il tarixli müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmasının nəticəsi olaraq onun barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 (bir min yeddi yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. O, "xxxx" QSC-də Sərnişin daşımaları departamentinin rəisi vəzifəsinə 2023-cü ilin iyul ayında təyin olunmuşdur. Yəni vəzifəli şəxs kimi səlahiyyətləri 2023-cü ilin iyulunda yaranmışdır. Barəsində tərtib edilən inzibati xəta haqqında qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsini inzibati xəta olaraq müəyyən edir. Nə müddətli əmək müqavilələrinə xitam verilən zaman nə də müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə xitam verilməsi zamanı tərəfindən qanunvericiliyin heç bir müddəası pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Göründüyü kimi Əmək qanunvericiliyi müddətsiz əmək müqaviləsinin müddətliyə keçirilməsinə imkan verir, qadağan etmir və bunu tənzimləyir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Müddətli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələblər isə Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilir. Həmin maddəyə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. X2 ilə Bakı sərnişin stansiyasının rəisi arasında ilk dəfə xx.xx.2017-ci il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixində müqavilə bir il müddətinə işəgötürən qismində Bakı sərnişin stansiyasının rəisi X4 tərəfindən uzadılmışdır. Daha sonra tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixində müqavilənin müddəti dəyişdirilmiş və xx.xx.2023-cü il tarixində Əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilmişdir. Bu zaman da Əmək Məcəlləsinin yuxarıda sadalanan tələblərindən heç biri pozulmamış, İXM 192.6-cı maddəsinin tərkibi törədilməmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi əmək müqavilələrinə edilən dəyişikliklər elektron sistemə daxil edilmiş və hüquqi qüvvədə olmuşdur, xitamlar isə sistemə işlənmişdir. İşçilər özü əmək müqaviləsinə qol çəkərək, qarşılıqlı razılıqla, birtərəfli olmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilmişdir. İşçinin razılığının sərbəst iradə ifadəsi olub-olmamasına qərar vermək inzibati orqanın yox, məhkəmənin səlahiyyətidir. Müddətli müqavilə kimi müqaviləyə olunan dəyişikliklər yenə də işçinin yazılı razılığı ilə olmuş, işçi müddətli əmək müqaviləsinin bağlanmasına hər hansı bir yolla məcbur edildiyi zaman etiraz edərək aidiyyəti orqana şikayət edə bilərdi, lakin müddətli müqavilə qüvvədə olduğu zaman işçi tərəfindən hər hansı bir şikayət daxil olmamış, burada işəgötürən kimi hər hansı bir əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilməmişdir. Məlumat üçün onu da diqqətə çatdırmaq istəyir ki, Ülkər Məmmədova əmək münasibətində olduğu əvvəlki dövrlərdə əmək və icra intizamını pozduğuna görə dəfələrlə intizam tənbeh almışdır. Verilmiş intizam tənbehlərinə dair əmrlərin surətləri əlavə olunur. Əgər tərəfindən işçinin razılığı alınmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilsəydi və ya müddətli əmək müqaviləsinə xitam qaydası pozulsaydı əməlimdə inzibati xəta tərkibinin olması mübahisələndirilə bilərdi. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, işçilərlə bağlanılmış əmək müqavilələrinin müddətliyə keçirilməsinin səbəbi bugün ölkədə koronavirus pandemiyasından sonra mövcud olan vəziyyətlə bağlıdır. Belə ki, ölkədə quru sərhədlərin bağlı olması səbəbindən beynəlxalq sərnişindaşımaları həyata keçirilmir. Daxili daşıma üzrə isə yalnız Bakı-Sumqayıt dairəvi xəttindən başqa yalnız Bakı-Qəbələ və Bakı-Ağstafa reysləri üzrə oturacaq tipli qatarlar vasitəsilə sərnişindaşıma həyata keçirilə bilir. Həmin istiqamətlər üzrə isə reyslərin təyini tələbata uyğun olaraq azaldılır, bəzən artırılır. Yəni sərnişindaşıma üzrə xidmət, həmçinin işçilərin çalışdığı VİP zal növbətçisi vəzifəsi üzrə işlər daimi xarakterli deyildir. Bu səbəbdən qeyd edilən məqamlar nəzərə alınaraq işin xarakterinin müvəqqəti olması, azaldılıb artması, həmçinin VİP hissədən istifadə edən sərnişin sayının az olması səbəbindən müqavilə müddəti hər iki tərəfin obyektiv yanaşması və razılığı, işlərin xarakterinin müvəqqəti olması işçilərə də məlum olduğu üçün qarşılıqlı razılıqla müddətliyə keçirilmişdir. Əlavə olaraq bildirir ki, protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman İXM-nin də tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. O, buqün əmək müqaviləsinə əmək məcəlləsində nəzərdə tutulan qaydada xitam verdiyi üçün barəsində 192.6-cı maddə ilə protokol tərtib olunmalı deyildi. 101.1-ci maddəyə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Şikayətçi 2023-cü ilin dekabr ayında pozuntu ehtimalı barədə aidiyyəti orqana müraciət etsə də, araşdırma aparılsa da protokol 2 gün ərzində yox, xeyli müddət sonra tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, nabelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquq arı vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 117.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəlləyə əsasən, qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsiri olub-olmaması müəyyən edilməmiş və nəticədə X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələrim və yazılı şikayətim nəzərə alınmadan qərar qəbul edilmişdir. Barəsində aparılan araşdırma zamanı əmək müqaviləsinə xitam verildiyi zaman əmək qanunvericiliyinin tələblərini gözləməklə, işçinin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə olunan dəyişikliklərin müddətli olmasına nəzərən əmək müqaviləsinə xitam verilməsi qərara alınmasını bildirsə də barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. Qeyd edir ki, bərəsində aparılmış araşdırmanın qəbul edilmiş qərar hissəsində Departamentin hüquqşünası X8 nümayəndə qismində iştirak etmişdir. Asim Hüseynovun da qəbul edilmiş qərarla bağlı etirazı, qanuni və əsaslı mövqeyi nəzərə alınmamışdır. O, bu barədə protokolun qeyd hissəsində yazılı münasibət bildirmişdir. İXM-nin 135-ci maddəsinə görə nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Bu barədə tərəfindən 13-1-19/2-42/2024 saylı xx.xx.2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınca X9 Xidmətinə və 13-1-19/2- 41/2024 saylı xx.xx.2024-cü il tarixli həmin xidmətin Bakı Şəhər İdarəsinə ayrı-ayrılıqda şikayət ünvanlasa da, hər iki ünvandan vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası qanunun tələblərinə əməl edilməyərək şikayəti araşdırılmamış və nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Hətta şikayətçinin müddətli əmək müqaviləsinin bağlanmasına razılığı olması, işləməsi və işlədiyi müddətdə heç bir aidiyyatı orqana şikayət etməməsi, əmək müqaviləsinin müddəti bitdiyində tutduğu vəzifədən azad edilməsi, hətta əmək müqavilələrin elektron portal sistemə yerləşdirilməsi nəzərə alınmamışdır. Bundan başqa şikayətçi şikayətinin sonunda əvvəlki işinə bərpa olunmağını xahiş etmişdir ki, işə bərpa məsələsinə də qanunvericiliyin tələbinə əsasən X9 Xidməti deyil, məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İXM-nin 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X10 bildirmişdir ki, vətəndaş X2 3 saylı “Bakı Dost Mərkəzi”nə şikayət edərək əmək hüquqlarının pozulduğunu bildirmişlər. Onun müraciətinə əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş X2 ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixindək bağlanmış müddətli əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq müddətə davam etməsinə baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68.2“b” bəndin əsasən xitam verilmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş X2 ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixindək bağlanmış müddətli əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq müddətə davam etməsinə baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68.2“b” bəndin əsasən xitam verildiyi üçün X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13-1/3-xx-xx/2023 saylı əmrdən görünür ki, A.Ə.Fərəcova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən boş olan Sərnişin daşımaları departamentinin rəisi vəzifəsini icra etdiyi müddətdə həmin vəzifə üzrə vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı ödənilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 ilə "xxxx" QSC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixində müqavilənin müddəti dəyişdirilmiş və müddətli əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq müddətə davam etməsinə baxmayaraq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “2” hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.[ Qanunvericiliyin tələbindən də göründüyü kimi, X2 ilə bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən həmin müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X7 tərəfindən nəzərə alınmadan Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “2” hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X7 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X3 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar