Məhkəmə qərarları › İş №3(006)-1191/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1191/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1191/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 nümayəndəsi X1, şikayətçi X2 iştirakı ilə, “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 16 aprel 2021-ci il tarixli, MN ******* saylı nömrəli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 baş direktoru Sara Həsənovanın inzibati tənbeh vermə haqqında MN ******* saylı, 16.01.2021-ci il tarixil qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə təqsirli bilinməklə, barəsində 4.000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya “Top Qapı” Restoranında zalda eyni masa arxasında 1 m, masalararası məsafə isə 2 m-dən az olmaması tələbi gözlənilmir, adam başına müəyyən edilən sıxlıq normaları göstərilmir, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblər pozulur və qarşısı alınmır, təlimlər keçirilmir, cədvəl tərtib edilmir. Belə ki, həmin qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Onun tərəfindən göstərilən tarixdə və vaxtda hər hansı bir qanun pozuntusuna, o cümlədən karantin rejiminin pozulması hallarına yol verilməmişdir. Restoranın fəaliyyəti dövründə “Covid-19” pandemiyasının qarşısını alınması ilə bağlı Nazirlər Kabinetinin və digər səlahiyyətli qurumların müəyyən etdiyi qaydalara, bütün tələb və göstərişlərinə tam riayət olunmuş və bu gün də riayət olunmaqda davam edir. Restoranın bütün əməkdaşları və müştəriləri fərdi qoruyucu vasitələrdən istifadə edir. Restoranın zalında eyni masa arxasında 1 m, masalararası məsafə isə 2 m-dən az olmaması, o cümlədən adam başına müəyyən edilən sıxlıq normaları tələbinə riayət olunur. Bu səbəbdən hesab edir ki, göstərilən hallar nəzərə alınmadan, qərəzli olaraq onun barəsində barəsində cərimə olunması ilə bağlı qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə “Respublika Gigiyena və Kpidemıologiya Mərkəzi” X4 Baş direktoru Sara Həsənovanın inzibati tənbeh vermə haqqında MN ******* saylı, 16.01.2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.A.Dadaşov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 nümayəndəsi İ.V.Səfərli şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 01 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, fərdi sahibkar R.A.Dadaşov 01 aprel 2021-ci il tarixdə, saat 18:50-də ünvan 1 ünvanında yerləşən “Top Qapı” restoranında eyni masa arxasında 1m, masalararası məsafə isə 2 m az olmaması tələbi gözlənilməmiş, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməmiş, fərdi qoruyucu vasitələr ilə bağlı tələblər pozulmuş və qarşısı alınmamış, təlimlər keçirilməmiş və cədvəl tərtib edilməmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, fərdi sahibkar R.A.Dadaşov “Top Qapı” restoranında zalda eyni masa arxasında 1m, masalararası məsafə isə 2 m az olmaması tələbi gözlənilməmiş, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməmiş, fərdi qoruyucu vasitələr ilə bağlı tələblər pozulmuş və qarşısı alınmamış, təlimlər keçirilməmiş və cədvəl tərtib edilməmiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, R.A.Dadaşov barəsində “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” PHŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, R.A.Dadaşovun barəsində “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” PHŞ-nin qəbul etdiyi qərar ümumiyyətlə R.A.Dadaşova rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 nümayəndəsi Qərarın R.A.Dadaşova çatdırılmaması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.A.Dadaşova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” Publik hüquqi şəxsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati təhbeh vermə barədə qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakıları rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” Publik hüquqi şəxsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 61, 48, 76, 84, 129 və 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” X4 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemilogiya Mərkəzi” Publik hüquqi şəxsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar