Məhkəmə qərarları › İş №3(006)-1193/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1193/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1193/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi X1, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Yol Polisi şöbəsinin EQ 25943537 saylı protokol üzrə xx.xx.2025-ci il tarixdə icra qərarının qüvvəyə minməsi barədə mobil telefonuna bildiriş daxil olmuşdur. Bildirişi araşdırmaq üçün sms.radar.az saytına ödəniş edib qeydiyyatdan keçərək daxil olduqda, məlum oldu ki, o, idarə etdiyi Toyota markalı **-DR-*** dövlət nömrə nişanlı avtomaşını yaşadığı Şamil Əizbəyov küçəsi, 88 saylı ünvanda binanın qarşısındakı küçədə (BOLMART mağazasının qarşısında) saxladığına görə həmin ərazini yol polis əməkdaşı səki hesab edərək protokol tərtib etmişdir. Həmin ərazinin səki hesab edilməsi tamamilə yanlışdır. Belə ki, həmin protokol tərtib edildikdən sonra yaşadığı binalar kompleksini idarə edən Nəsimi-39 Mənzil Mülkiyyətçilərinin müştərək Cəmiyyətinin (Nəsimi-39 MMMC kompleksi inşa etmiş Yüksəliş MTK ləğv edildikdən sonra 2022-ci ildə sakinlər tərəfindən kompleksin idarə edilməsi məqsədilə yaradılmış qurumdur və o həmin Cəmiyyətin üzvüdür) ofisində olmuşdur. Orada saxlanılan tikintinin layihə sənədləri ilə tanış olmuşdur. Məlum olmuşdur ki, BOLMART mağazasının qarşısındakı ərazi Nəsimi-39 MMC-nin ərazisidir. Cəmiyyətdən əldə etdiyi və hazırkı şikayət ərizəsinə əlavə etdiyi Bakı şəhər icra hakimiyyəti Başçısının 466 saylı xx.xx.2003-ccü il tarixli sərəncamı ilə Yüksəliş MTK-ya yaşayış evinin layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin təsdiq olunmuş cizgisindən görünür ki, Şamil Əzizbəyov küçəsi, 88 saylı ünvanda yolun hər iki tərəfində yerləşən binaların arasındakı məsafə səkilərlə birlikdə 15.60 metr, nəqliyyat vasitəsinin hərəkət zolağı 5.65 metr, yolun BOLMART mağazasına qədərki və sonrakı hissələrində səkinin eni 1.25 metr (yerində faktiki 80 sm), yolun əks tərəfində isə 1.70 metrdir (yerində isə faktiki 1.10 metr). İnternet resurslarındakı anlayışa görə piyadaların gediş-gəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bir qədər hündür yola səki deyilir. Avtomaşınımın dayandığı Bolmart mağazasının qarşısındakı ərazi ilə nəqliyyat vasitəsinin hərəkət zolağı arasında isə ümumiyyətlə, səki yoxdur. Həmin ərazi nəqliyyat vasitəsinin hərəkət zolağı ilə həmsərhəddir. Avtomaşınını saxladığı ərazi ilə yolun nəqliyyat vasitəsinin hərəkət zolağı eyni səviyyədədir. Cizgidə qara xəttlə Yüksəliş MTK-ya tikinti məqsədilə ayrılmış torpaq sahəsinin sahəsi aydın qeyd olunmuşdur. Yolun hər iki tərəfindəki binalar arasındakı məsafədən, yəni, 15.60 metrdən səkilərin (1.70 metr +1.25 metr) və nəqliyyat vasitəsinin hərəkət zolağının en kəsiyini (5.65 metr) çıxsaq, yerdə qalan 7.00 metr enində ərazinin Nəsimi-39 MMMC-nin həyəti olduğu aydın olur. Yolun avtomaşınının dayandığı tərəfində səkinin eni 1.25 metr (yerində faktiki 80 santimetr) olduğu halda, onun avtomaşını 1.25 metr və yaxud 80 sm enində həmin səkiyə necə yerləşə bilər? Eyni zamanda, qeyd edir ki, "xxxx" MTK-ya ayrılmış torpaq sahəsini əhatə edən hasarların da sonu da səkiyə birləşir ki, bu da bir daha binaların küçə tərəfdən qarşısında yerləşən ərazinin Cəmiyyətə məxsus olduğunu bir daha təsdiq edir. Ümumiyyətlə, Bakıda yüksək mərtəbəli binalar onlara ayrılmış torpaq sahəsinin sərhədlərindən 6-8 metr içəridə tikilir. Yuxarıda şərh edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi X4 şikayətinin məzmununa uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi X5 bildirmişdir ki, sürücü X7 xx.xx.2025-ci il tarixdə “Toyota Camry” markali nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlamışdır. Bu fakt çikayət verən şəxsin ifadəsi və videogörüntülərə baxış zamanı öz təsdiqini tapır.Qeyd etdiklərinə əsasən X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X7 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346.9-cu maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə görə, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X7 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25943537 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar