Məhkəmə qərarları › İş №3(006)-1198/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1198/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1198/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində xırda xuliqanlıq əməlini törətmiş və xx.xx.2024-cü il tarixdə barəsində aparılan araşdırma ilə bağlı polis əməkdaşlarının dəvəti ilə şöbəyə yaxınlaşmaqdan boyun qaçırmış və polisin qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki Şəxs avtobusu yüksək sürətlə idarə etmiş, ictimai nəqliyyatda narahatlığa səbəb olmuş, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Onun istifadəsində olan mobil telefon nömrəsi ilə ilə saxlanılaraq şöbəyə dəvət edilmiş, o isə yaxınlaşa bilməyəcəyini bildirmiş və Abşeron rayonu, Xırdalan şəhərində olduğunu bildirmişdir. Onunla görüş zamanı polis əməkdaşlarına tabe olmayaraq hərəkətlərini davam olaraq təkrarlamışdır. Bununla əlaqədar o, 19-cu PŞ-nə gətirilmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərlə əsasən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, A.Məhərrəmov küçəsi ilə idarə etdiyi **-TH-*** dövlət qeydiyyat nişanlı 119 saylı marşrutu yüksək sürətlə idarə etmiş bu vaxt polis əməkdaşı ona yaxınlaşıb irad bildirmiş, o, isə cavabında intervalda gecikmə olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. Polis əməkdaşı ona zəng edərək şöbəyə dəvət etmiş, o isə işi olduğundan gələ bilməyəcəyini və olduğu yeri bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşıb şöbəyə aparmaq istəyəndə özü maşınla gəlmək istəmişdir. Əməkdaşlar razı olmadıqda könüllü polis maşınına əyləşib şöbəyə gəlmişdir. Barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN Əlahiddə Çevik polis alayının xüsusi təyinatlı taboru, polis nəfəri – X7 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:30 radələrində işdən evə getmək üçün A.Məhərrəmov küçəsindən **-TH-*** dövlət qeydiyyat nişanlı 119 saylı marşruta əyləşmişdir. Bir az irəlilədikdən sonra avtobus sürücüsü qoyulmuş sürət həddini aşaraq təhlükəli manevrlər etməyə başlamış sərnişinlər etiraz etsələr də sürücü buna məhəl qoymamışdır. Sərnişinlər ona yaxınlaşaraq müdaxilə etməyini xahiş etdikdə polis əməkdaşı öz növbəsində sürücüyə təhlükəli sürdüyünü, bunun da sərnişinlərin haqlı narazılığına səbəb olduğunu bildirmişdir. Sürücü isə kobud şəkildə reaksiya bildirərək avtobusu saxlayaraq polis əməkdaşını düşməsi üçün təkid etmişdir. Tərəfindən bu barədə rəhbərliyə raportla müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs bildirilən iraddan sonra sürət həddini aşağı salmışdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin əsasında hal şahidləri olduğu halda sonradan protokol tərtib olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində xırda xuliqanlıq əməlini törətmiş və xx.xx.2024-cü il tarixdə barəsində aparılan araşdırma ilə bağlı polis əməkdaşlarının dəvəti ilə şöbəyə yaxınlaşmaqdan boyun qaçırmış həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə radələrində ictimai qaydanı pozan hərəkətlər etmiş, polis əməkdaşının ictimai qaydanı pozmamaq və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Bununla da, Yusifov X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Yusifov X5 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 18:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar