Məhkəmə qərarları › İş №3(006)-1199/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1199/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1199/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X5 nümayəndəsi və vəkili, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ərizə ilə müraciət edərək, onun “Aprel döyüşləri”nin, “2-ci Qarabağ müharibəsi”nin iştirakçısı olmasına, o cümlədən ona Dövlət tərəfindən “vətən müharibəsi iştirakçısı” medalının verilməsinə baxmayaraq, işlədiyi “X20” şirkətinin Azərbaycan Respublikasındakı filialında (bundan sonra “Şirkət”) ona 46 təqvim günü əmək məzuniyyəti verilməli olduğu halda, 21 təqvim günü əmək məzuniyyəti verildiyini bildirmişdir (ərizənin surəti əlavə olunur). N.Hüsüyevin ərizəsini araşdıran Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda X14 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra ‘İdarə”) rəis müavini X15 Şirkətin baş direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmasına dair MN N° ******* saylı, 12 mart 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir (qərarın və müşaiyət məktubunun surəti əlavə olunur). X14 Xidmətinin Bakı şəhər İdarəsinin həmin qərarını nəzərdə keçirməklə hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməli və S.İ.Neymışev barəsində inzibati icraata xitam verilməlidir. İlk öncə Məhkəmənin diqqətinə çatdırır ki, vətəndaş X1 işə qəbul edilərkən və ya onunla Şirkət arasında müvafiq Əmək müqaviləsi bağlanarkən, o özünün “Aprel döyüşləri”nin, “2-ci Qarabağ müharibəsi”nin iştirakçısı olmasına, o cümlədən ona Dövlət tərəfindən “vətən müharibəsi iştirakçısı” medalının verilməsinə dair hər hansı sənədini Şirkətə təqdim etməmiş, yəni Şirkətin belə bir sənədlərin mövcudluğundan məlumatı olmamışdır. Belə ki, X16 işə qəbul olunarkən, onun tərəfindən Şirkətə təqdim edilmiş (müvafiq xanaları doldurulmuş) şəxsi uçot vərəqəsində də onun “Müharibə iştirakçısı” olması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir (şəxsi uçot vərəqəsinin surəti əlavə olunur). Şirkət ərizəçinin Aprel döyüşləri"nin, “2-ci Qarabağ müharibəsi”nin iştirakçısı olması, o cümlədən ona Dövlət tərəfindən “vətən müharibəsi iştirakçısı" medalının verilməsindən yalnız N.X18 Müfəttişilyi Xidmətinə müraciətindən sonra Xidmətin Şirkətə ünvanladığı 3-17-5/2- 3450/2024 saylı, 22 yanvar 2024-cü il tarixli məktubuna əsasən Nəsimi Hüsüyev Şirkətin tələbi ilə həmin sənədləri Şirkətə təqdim etdikdən sonra məlumatlı olmuş və sənədləri əldə etdikdən sonra X14 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq 02/143 saylı, xx.xx.2024-cü il tarixli məktubla göndərmişdir (məktubların surəti əlavə olunur). Şirkət N.Hüsüyevə aid yuxarıda qeyd olunan sənədləri əldə etdikdən sonra, Şirkətin Kadrlar şöbəsinin aidiyyəti əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 142 çağeı mərkəzinə zəng vurularaq, Şirkətin Nəqliyyatın istismarı sexinin sürücüsü X7 il ərzində 46 təqvim günü əmək məzuniyyətinin verilib- verilməməsi və eləcə də Əmək Məcəlləsinin 120-ci maddəsinin ona şamil olub-olmamasına aydınlıq gətirilməsi xahiş edilmiş, həmin xidmətin əməkdaşı (çağrı mərkəzinin operatoru) cavabında N.Ş.Hüsüyevin Baş Nazir Əli Əsədov tərəfindən təqdim edilmiş “Vətən müharibəsi içtirakçısı” medalının olmasına baxmayaraq, ona 46 təqvim günü əmək məzuniyyətinin şamil olunmadığı bildirilmişdir (işçinin məlumatı əlavə olunur). Bundan başqa X14 Xidmətinin sözügedən qərarının əsassız olmasını daha bir faktla təsdiq edirik ki, Şirkət N.Hüsüyevin əmək müqaviləsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalına daxil edərkən, həmin şəxsə aid məlumatların müvafiq qrafasında onun “Müharibə veteranı” olması göstərilməmişdir ki, bu da ona 46 gün əmək məzuniyyətinin verilməsinin mümkün olmamasını ehtiva etmişdir. Şirkətin başqa bir neçə əməkdaşının da portalda olan şəxsi məlumatlarında isə həmin şəxslərin “Müharibə veteranı” olması xüsusi olaraq qeyd olunmuşdur (portaldan çıxarışların surəti əlavə olunur). Şirkət hər zaman bütün işçilərinə, o cümlədən istər Böyük Vətən müharibəsi, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində iştirak etmiş və fədakarlıq göstərmiş işçilərinə xüsusi diqqət və qayğı göstərmiş, həmçinin müvafiq Əmr əsasında zəruri hallarda həmin işçilərin əmək haqlarından əlavə onların maddi ehtiyaclarının qarşılanması baxımından ilin xüsusi günlərində həmin işçilərə nəzərdə tutulmuş məbləğdə maddi yardım etmişdir ki, Nəsimi Hüsüyev də belə işçilərdən biri olmuşdur (müvafiq əmrin surəti əlavə olunur). Belə ki, Şirkətin rəhbərinin 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi barədə X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 12 mart 2024-cü il tarilxi qərarın elan edilməsindən sonra Şirkətlə işçi Nəsimi Hüsüyev arasında mövcud olan 2850 saylı, xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsinə dəyişiklik edilməsi barədə 3 saylı, xx.xx.2024-cü il tarixli Razılaşma imzalayaraq onun əmək məzuniyyətinin müddəti 46 təqvim gününədək uzadılmış və Şirkət tərəfindən N.Hüsüyevə 2023-2024-cü illər üçün nəzərdə tutulmuş və istifadə dair 02/267 saylı, xx.xx.2024-cü il tarixli təklif məktubu ünvanlanmışdır (Razılaşmanın və məktubun surəti əlavə olunur). Bundan sonra X2 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, onun 2023-2024-cü illər üçün nəzərdə tutulmuş və istifadə etmədiyi 25 (iyirmi beş) məzuniyyət gününün əvəzinə ona pul kompensasiyasının ödənilməsini xahiş etmiş və Şirkətin HRK 01/24 saylı, xx.xx.2024-cü il tarixli Əmri ilə N.Hüsüyevə məzuniyyət günlərinin əvəzinə pul kompensasiyası ödənilmişdir (ərizənin, əmrin və ödəniş tapşırığının surəti əlavə olunur). Elə həmin tarixdə N.Hüsüyev Şirkətə ərizə yazaraq bildirmişdir ki, 2023-2024-cü illər üçün nəzərdə tutulmuş və istifadə etmədiyi 25 (iyirmi beş) məzuniyyət gününün əvəzinə ona pul kompensasiyası ödənilmişdir və onun Şirkətə qarşı heç bir etirazı yoxdur. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X17 izahatında göstərdi ki, o, qarşı tərəfin şikayətini dinlədi, təmsil etdiyi müfəttişlik tərəfindən “X20” direktoru X5 İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1500 manat inzibati cərimə edilmişdir. Belə ki, “X20” şirkətinin əməkdaşı müraciət edərək bildirib ki, ona 46 gün əmək məzuniyyəti düşdüyü halda 21 gün əmək məzuinyyəti verilibdir. Buna baxmayaraq şirkət onun qalıq məzuniyyətini bərpa etməmişdir. Şəxs də məcbur olub şikayət etmişdir. Həmin şikayət əsasında araşdırma aparılmış və aşkar xətanın olması tərəfimizdən müəyyən olunduqdan sonra şirkətin direktoru barəsində tərəfimizdən inzibati protokol tərtib olunubdur. Qeyd edilənlərə əsasən verilmiş şikayətin təmin edilməməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, o, "X21” şirkətində 2022-ci ildən sürücü işləyir. Bu dövrdə şirkətlə onun arasında iki dəfə müqavilə bağlanıbdır. Birinci dəfə məzuniyyətinin əvəzinə pul ödənilibdir. Buna onun da etirazı olmayıbdır. İkinci dəfə isə 2023-cü ildə ona 21 gün məzuniyət yazılıbdır. Onunla şirkət arasında hər iki müqavilə bağlananda o, artıq müharibə iştirakçısı olmuşdur, bu barədə şirkətə məlumat vermişdir. Cəbrayıl, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibədə olduğu ərəfədə «Vətən Müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. O, işə qəbul olanda hərbi biletini təqdim etmiş, həmin hərbi biletdə onun müharibə iştirakçısı olmağı yazılıbdır. Lakin, hərbi biletində medalla təltif olunması yazılmayıbdır. Buna baxmayaraq o, şifahi olaraq şirkətin kadrlar şöbəsinə bildirmişdir ki, o, medalla təltif olunmuşdur. Onlar araşdırma aparmış və həmin medalın Baş Nazir tərəfindən verildiyinə görə, ona artıq məzuniyyət düşmədiyini və yalnız Prezident tərəfindən təltif olunmuş müharibə iştirakçılarına artıq məzuniyyət verildiyini bildirmişlər. O da bundan sonra məcbur olub şikayət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan X7 məxsus İ-34405 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, X3, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X13 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət təltifi ilə təltif olunmuş işçi olmasına baxmayaraq ona münasibətdə qanunla müəyyən edilmiş müddətdə əmək məzuniyyəti verilməməklə işçinin məzuniyyət hüququ pozulmuşdur. Belə ki, X5 əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı aparılan araşdırmanın nəticəsində onun həqiqətən də inzibati qanunericiliyin tələblərini pozduğu, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət təltifi ilə təltif olunmuş işçi olmasına baxmayaraq ona 21 təqvim günü müddətində əmək məzuniyyətinin verildiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuş və X12 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi, X5 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X12 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 12 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X5 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar