Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1201/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X13 Şöbəsinin yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 27 mart 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. 21 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:10-da Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X13 Şöbəsinin yol patrul xidməti inspektoru X3 çıxış edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində Şəxs idarə etdiyi «Toyota Prado» markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onlar hadisənin videogörüntüsünü əldə edə bilməmişlər. Bununla belə işlə bağlı şahidləri vardır. Sonda inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X13 Şöbəsinin yol patrul xidməti inspektoru X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 21 mart 2024-cü il tarixdə, axşam saat təxminən 22:00-23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, ZİĞ şossesi və davamı olan 8 Noyabr prospekti ilə şəhərin mərkəz istiqamətində mülkiyyətində olan TOYOTA PRADO markalı minik avtomobildə saatda 50-60 km/saat sürətlə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonunun ərazisində, AZUR Biznes Mərkəzinin arxasında Afiyəddin Cəlilov küçəsi ilə Ayaz İsmayılov küçəsinin kəsişməsinə çatmamış Bakı şəhər Nəsimi RPl-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X3 tərəfindən saxlanıldı. Adı çəkilən inspektor idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etmədən 8 Noyabr prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş (avtoxuliqanlıq) inzibati xətanı törətdiyini, belə ki, 8 Noyabr prospektində hərəkətdə olduğum zaman sürət həddini aşdığımı, davamlı olaraq təkərləri yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərini buraxdığını və bütün bunların videokameralar ilə qeydə alındığını bildirdi. O, belə halların baş vermədiyi üçün etiraz edərək inspektordan uniformasında olan səsyazan texniki qurğusunu və xidməti avtomobilin bortunda quraşdırılmış videokameranı işə salmasını tələb etdi. O, hər şeyin qeydə alındığım bildirdi. Bundan sonra o, iddia etdiyi halların baş vermədiyini, ümumiyyətlə idarə etdiyi nəqliyyat vasitəsi ilə həmin hərəkətləri etməyinin mümkün olmadığını bildirib, bunu təsdiq edən videogörüntülərin mənə təqdim olunmasını tələb etdi. İnspektor onun israrla videogörüntüləri tələb etməyinə və protokol tərtib olunmasını tələb etməyinə məhəl qoymadan, ümumiyyətlə heç bir sənədləşmə aparmadan digər iki nəfər yol patrux xidməti inspektoru ilə birlikdə idarə etdiyi nəqliyyat vasitəsini duracağa yerləşdirilməklə onu Nəsimi RPİ-nin DYPŞ-nin inzibati binasına gətirdilər. Həmin idarədə bir daha videogörüntüləri tələb etsə də, görüntülər ona təqdim edilmədi və ondan inzibati xətanı törətməyi barədə etirafedici izahat yazmağı tələb olundu. O, təkrar olaraq avtoxuliqanlıq etmədiyini, etirafedici izahat yazmayacağını bildirdi, inzibati xəta haqqında protokolun nüsxəsini və videogörüntülərin ona verilməsini tələb etdi. Buna baxmayaraq, protokol və videogörüntülər ona təqdim edilmədi və səhəri gün, yəni 22 mart 2024-cü il tarixdə idarəyə gəlməyi tələb edildi. İlkin olaraq bildirir ki, özü ali təhsilliyəm, evlidir və himayəsində bir azyaşlı uşağım vardır, özüm təhsil sahəsində çalışıram. Özünü xarakterizə etməkdə məqsədim ona qarşı irəli sürülmüş inzibati xətanın (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə) şəxsiyyəti ilə uyğunlaşmamasını bildirməkdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində «Toyota Prado» markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb, həmin əməkdaşlar tərəfindən sürücüyə pozduğu qayda pozuntusu izah olunubdur. Məhkəmə iclasında iştirak edən şahid X8 digər şahid X4 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Şəxs 22 mart 2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:10 radələrində özünə məxsus olan Toyota markalı ** FJ *** nömrəli avtomaşınla hərəkətdə olarkən polis işçiləri saxla əmrini vermiş və o avtomobilini saxlamışdır. Avtomobil duracağa aparılmışdır. Onun fikrincə qayda pozmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə, iş üzrə şahid qismində dindirilmiş X7 və X5 izahatlarına münasibətdə qeyd edir ki, onların izahatlarında bildirdikləri xüsusatlar Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan avtoxuliqanlıq hərəkətlərini törətməsini deyil, sonuncunun polis əməkdaşları tərəfindən saxlanılması faktını təsdiq edir, başqa sözlə, işin mübahisəsiz halı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən avtoxuliqanlıq özündə üç elementi ehtiva edir: nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhz qeyd olunan inzibati xətanın törədilməsində ifadə edilən inzibati xəta hadisəsinə yol verilməsi təsdiq edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokola dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1201/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1201/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver