Məhkəmə qərarları › İş №3(006)-121/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-121/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-121/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi X11i Şöbəsi tərəfindən 28 oktyabr 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-12:00 radələrində “Chevrolet Aveo” markalı **-CH-*** dövəlt nömrə nişanlı avtomobilin sürücüsü Şəxs ünvan 1 ünvanda idarə etdiyi avtomobil ilə arxaya hərəkət etdirən zaman piyada qismidə yolun hərəkət hissəsində dayanan X1 ehtiyatsızlıqdan vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təqribən 11:00-12:00 radələrində idarə etdiyi «Chevrolet Aveo» markalı, **-CH-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə üzü Hərbi Hospital istiqamətində hərəkətdə olan zaman C.Səlimov küçəsi 7 saylı ünvanın qarşısında saatda 15 km sürətlə ehtiyatsızlıqdan avtomobilin ön sağ yan arxa hissəsi ilə sonradan adını bildiyi X2 toxunmuşdur. O, dönəcəyim yerə səhv girmişdi, avtomobili arxa arxaya verəndə bu hadisə baş vermişdir. Hal hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti tələbi yoxdur, Törətdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Bütün bunları nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: xx.xx.2023-cü il tarixli, 1038 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:35-də 1 saylı KTM-dən həkim Xəlilov Nəsimi rayonu, Papanin körpüsünün yanında YNH-si zamanı xx.xx.1951-ci il təvəllüdlü X3 bədənin müxtəlif nahiyələrinin küt travması xəsarəti almasını bildirmişdir. Aparılan araşdırma zamanı Şəxs Bəhram oğlu izahat verərək bildirmişdir ki, Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00-12:00 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus "Chevrolet Aveo” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Hərbi Hospital istiqamətindən üzü “3-cü MKR” dairəsi istiqamətinə hərəkət edərək sağa dönəcəyim məhəlləarası yolu ötürüb keçdiyi üçün C.Səlimov küçəsi 7 saylı ünvanda avtomobili sağlayıb yolun sağ kənarında digər avtomobillər dayandığı üçün orta zolaqla geriyə C.Səlimov küçəsi 7 saylı ünvanda təxminən saatda 15 km surətlə geriyə hərəkət edərkən idarə etdiyi avtomobilin sağ yan arxa hissəsindən sonradan ona məlum olan tanımadığı X4 ehtiyatsızlıqdan vurmuşdur. O, dərhal avtomobildən düşüb həmin şəxsə yaxınlaşdı və ona köməklik edərək digər şəxslərin köməyi ilə avtomobilinə əyləşdirdi və xəstəxanaya apardı. xx.xx.2023-cü il tarixli, 2/42140 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinəsi aparılan sürücü Şəxs sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 xx.xx.2023-cü il tarixli, 1566 nömrəli rəyindən görünür ki, C.K.Mikiyeva xx.xx.2023-cü il tarixdə M.Ə.Əfəndiyev adına X10 PHŞ-yə müraciət etmiş və ona "burun sümüyünün yerdəyişməmiş sınığı" diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nəsimi RPİ-nin X11 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nəsimi RPİ-nin X11 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar