Məhkəmə qərarları › İş №3(006)-1211/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1211/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1211/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşı X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən tərtib olunmaqla aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon məhkəməsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X8 inzibati təcrübə üzrə baş inspektoru X1 tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 14 mart 2022-ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ona məxsus olan «Hyundai İX35 Minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 məhkəməyə yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, Bakı şəhər Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində tərtib olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin müvafiq qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, protokol əsassız olaraq tərtib olunmuşdur və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə səlahiyyəti olan şəxslərin siyahısının təqdim edilməsi ilə bağlı şirkətə rəsmi qaydada poçt vasitəsilə hər hansı sorğu verilməmişdir. İdarənin təqdim etdiyi müşayiət məktubuna əlavə olunmuş sənədin rəsmi verilməsinə dair kötük nəqliyyat vasitəsi 22.02.2022-ci il tarixində dövlət yol polisi əməkdaşı tərəfindən dayandırıldığı zaman onu idarə edən, şirkətin əməkdaşı X5 təqdim edilmişdir. Bu, sorğu deyil və sorğunun rəsmi təqdim edilməsi hesab olunmur. Eyni zamanda adıçəkilən əməkdaş qeyd olunan tarixdə nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etməyə səlahiyyəti olduğundan nəqliyyat vasitəsi dayandırıldığı zaman həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib oluna və inzibati tənbeh vermə haqqında qərar çıxarıla bilərdi. Lakin dövlət yol polisi əməkdaşı həmin vaxt zəruri tədbirləri görməmiş, sənədin verilməsinə dair kötüyü təqdim etməklə kifayətlənmişdir. Buna görə də Şirkət barəsində İXM-nin 347.1-ci maddəsi ilə protokol tərtib olunması əsassızdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. İstinad olunan maddəyə əsasən bildirir ki, inzibati xəta haqqında protokolda nəzərdə tutulan nəqliyyat vasitəsi ilə əlaqədar məlumatlar, o cümlədən həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslər barəsində məlumatlar şirkət tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə 06.01.2022ci il tarixli, 10/06-1 nömrəli məktubla təqdim edilmişdir. Poçt məlumatlarından da görünür ki, adıçəkilən məktub Baş Dövlət Yol Polisi İdarəsinə çatdırılmışdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 2975/2021 nömrəli işi də məhz analoji inzibati işlə bağlı olmuşdur və Məhkəmənin 18.10.2021-ci il tarixli qərarı ilə Şirkət barəsində Azərbaycan Respublikası İXM-nin 347.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq, onlara məlum olmayan səbəblərdən barələrində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X9 tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ünvan 1 ünvanına göndərilmiş sorğu məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan «Hyundai İX35 Minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş elektron protokollar barədə məlumatı qəbul edilən gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan «Hyundai İX35 Minik» markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş kötük 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşı tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş 06 yanvar 2022-ci il tarixli, 10/06-1 saylı məktubun və ********* saylı məxraic qəbzinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan «Hyundai İX35 Minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X6 tərəfindən idarə edilməsi barədə məktub Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Qeyd olunan Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməməlidir. Hazırki iş üzrə Nizami RPİ-nin DYPŞ-nin sorğu məktubu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlandırılmış və həmin sorğu məktubu inzibati məsuliyyət yaranmadan, yəni 5 gün müddət keçmədən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar