Məhkəmə qərarları › İş №3(006)-1215/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1215/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1215/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 05 aprel 2021-ci il tarixdə, axşam saat 18:30 radələrində o, bir nəfər dostu ilə birlikdə Nərimanov rayonu, Dədə Qorqud parkında qazonun üstündə oturub dincəlmişlər və əllərindəki suyu içmək məqsədilə qoruyucu maskanı çıxarmışlar. Bu zaman ərazidə tək hərəkətdə olan polis kapitanı onlara yaxınlaşıb özünü təqdim etmədən niyə maskasız olduğunu soruşmuşdur. O, su içdiyi üçün tibbi maskanı 1 dəqiqəlik çıxarmalı olduğunu bildirmişdir. Polis kapitanı özünü sanki vəziyyəti anlamış kimi apararaq, ad-soyadı soruşmuş və "gedə bilərsiz" demişdir. Polis kapitanı heç bir sənədləşmə etmədən, protokol yazmadan və ona heç nə bildirmədən, ərazidən uzaqlaşmış və axşam onun telefonuna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsilə (EXP ******* nömrəli protokol) 100 manat cərimələnməyi barədə sms məlumat göndərilmişdir, ardınca 7 aprel 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsinə əsasən EXP ******* nömrəli protokol üzrə cərimənin qüvvəyə minməsi barədə smsməlumatı almışdır. Bu günədək ona nə protokol, nə də qərar təqdim olunmamış, izahatı alınmamış, təqsiri izah olunmamışdır. Təqdim etdiyi protokol və qərar nümunələrini isə 18ci Polis bölməsinə gedib 5 may 2021-ci il tarixində əldə etmişdir. Göründüyü kimi protokol tam şəkildə tərtib olunmamışdır. Hətta qərarda əsaslanmış protokoldan və digər materiallardan bəhs edilsə də, ortada natamam doldurulmuş protokoldan başqa heç bir əlavə material olmadığı ortaya çıxmış və yuxarıda verdiyi ifadə öz təsdiqini tapmışdır. Həm də bildiyinə görə, polis patrul rəisi heç vaxt tək patrul xidməti aparmır, onları həmişə polis nəfərləri müşayət etməlidir. Polis zabiti ətrafda ərəblərə bənzəyən maskasız əcnəbilərə məhəl qoymamışdır. Ümumiyyətlə bu polis zabitinin davranış və fəaliyyəti polis haqqında qanunun müddəalarına tam uyğun gəlməmişdir. Onun 16 yaşı var, 10-cu sinif şagirdidir, 100 manatlıq cəriməni ödəmək üçün pulu hardan qazanacağını bilmir. Həm də bu hərəkəti bilərəkdən qanun pozuntusu hesab olunmamalıdır, çünki parkda dayanaraq susuzluqdan su içmək üçün tibbi maskanı 1 dəqiqəlik çıxarmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qəhrəman Əliyevlə birlikdə dindirilmiş şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar