Məhkəmə qərarları › İş №3(006)-1217/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1217/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1217/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında Bakıxanov Hüseyn Fərhad oğlunun iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Yasamal r-nu, M.Muxtarov küçəsi, ev 179, m.48-də qeydiyyatda olan Bakıxanov Hüseyn Fərhad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 07.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakıxanov Hüseyn Fərhad oğlu 08 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Cəfər Cabbarlının heykəlinin qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən mitinq və küçə yürüşü iştirak etmiş, habelə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, 08 may 2021-ci il tarixdə, saat 15:00 radələrində polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Cəfər Cabbarlının heykəlinin qarşısında qanunsuz mitinqin keçirildiyini görüb orada iştirak edən şəxslərin dağılışmasını tələb etdikdə, jurnalistə intervyu verən Bakıxanov Hüseyn Fərhad oğlu polisin bu qanuni tələbinə tabe olmayaraq müqavimət göstərməyə başlamış, bir polis əməkdaşının poqonunu çiynindən qopartmış, avtopatrul maşınına əyləşdirildikdən sonra oradan qaçmağa cəhd edib özünə xəsarət yetirmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş, orada ondan izahat alınarkən o bir neçə dəfə bölmədən qaçmağa cəhd etmiş, özünü dəmir qapıya və onun tutacağına qəsdən vuraraq xəsarət yetirmişdir ki, polis əməkdaşlarına şər atsın. Bütün bu hallar videogörüntülərə alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakıxanov Hüseyn Fərhad oğlu izahat verərək göstərdi ki, bir neçə gün əvvəl “youtube” portalında metronun “28 May” stansiyasının qarşısında 07.05.2021-ci il tarixdə mitinqin keçiriləcəyini eşitmiş, Yasamal Rayon Polis İdarəsində rastlaşdığı haqsızlıqla bağlı öz etirazını bildirmək üçün bu tədbirdə iştirak etmək qərarına gəlmişdir. Həmin günü qeyd olunan yerə gəlib jurnalistə intervyu verərkən polis əməkdaşları onun qolundan tutub zorla maşına aparmış, o da buna etiraz etmişdir. Daha sonra o, 21-ci polis bölməsinə gətirilmiş, orada ona qarşı zor tətbiq edilərək döyülmüşdür. O da onlardan qurtulmaq üçün bir neçə dəfə qaçmağa çalışmışdır. Heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, 07 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Cəfər Cabbarlı heykəlinin yaxınlığında iş yoldaşı X6 ilə birlikdə xidmət apararkən 30, 40 nəfər şəxsin karantin qaydalarına riayət etməyərək qanunsuz olaraq mitinqin və küçə yürüşünün keçirdiyini, xüsusilə 2 nəfərin fəallıq göstərərək yüksək səslə çağırışlar etdiyini görmüşlər. Buna görə də onlara yaxınlaşıb qanunun tələblərinə əməl edib dağılışmasını xahiş etmiş, tədbir iştirakçılarından olan həmin iki şəxs onların qanuni tələblərinə əməl etməyib öz hərəkətlərini davam etdirmiş, intervyu verərək səs-küy salmışlar. Bu şəxsləri saxlayıb avtopatrul maşınına əyləşdirən zaman onlardan biri, adını sonradan bildiyi Bakıxanov Hüseyn Fərhad oğlu əlini onun çiyninə ataraq poqonunu cırmışdır. Bundan sonra həmin şəxs saxlanılaraq 21-ci polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X6 şahid X3 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Bakıxanov Hüseyn Fərhad oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Qeyd olunan Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli, 336 saylı Qərarının 1.1.7-ci bəndinə əsasən 2021-ci il 1 iyun saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Bakıxanov Hüseyn Fərhad oğlunun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Bakıxanov Hüseyn Fərhad oğlunun törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 513.2-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Bakıxanov Hüseyn Fərhad oğlu 07 may 2021-ci il tarixdə, saat 16:00-da tutulmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakıxanov Hüseyn Fərhad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 may 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar