Məhkəmə qərarları › İş №3(006)-1218/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1218/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1218/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1980-ci il tarixdə ermənistan respublikası, masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, “xxxx” MMC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs karantin rejimi əleyhinə olan qaydaları pozmuş, qanunsuz mitinqdə iştirak etmiş və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 07 may 2021-ci il tarixdə, saat 15:00-da Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında karantin rejimi əleyhinə olan qaydaları pozmuş, qanunsuz mitinqdə iştirak etmiş və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən 21-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi S.S.Həsənov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 07 may 2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları xidmət apararkən təxminən saat 15:00 radələrində Azadlıq prospektin yerləşən C.Cabbarlı heykəlinin qarşısında bir qrup şəxsin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən mitinq, küçə yürüşləri keçirdiklərini və xüsusi karantin rejimi olmasına baxmayaraq sosial məsafə gözləmədən 30-40 nəfərlik qruplar şəklində insanların toplaşdığını görüb onlara yaxınlaşmış, bu zaman həmin qrupdan olan iki nəfər şəxsin yüksək səslə çağırışlar etdiyini görüb onlara ictimai qaydanı pozmamalarını, xüsusi karantin rejiminin tələblərinə riayət etmələrini tələb etmiş, lakin həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişlər. Polis əməkdaşları tərəfindən həmin şəxslərxidməti maşınına əyləşdirilib 21-ci PB-nə gətirilmiş və onların 17 may 1987-ci il təvəllüdlü Bakıxanov Hüseyn Fərhad oğlu və xx xxx 1980-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 07 may 2021-ci il tarixdə aksiyada iştirak edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 07 may 2021-ci il tarixdə saat 16:00-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Post patrul xidməti bölüyünün manqa komandiri X2 ondan əvvəl izahat vermiş inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi S.S.Həsənovun izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 may 2021-ci il tarixdə, saat 15:00-da Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında karantin rejimi əleyhinə olan qaydaları pozmuş, qanunsuz mitinqdə iştirak etmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaqdan imtina etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə, saat 15:00 radələrində Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında karantin rejimi əleyhinə olan qaydaları pozmuş, qanunsuz mitinqdə iştirak etmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 07 may 2021-ci il tarixdən saat 16:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 07 may 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs karantin rejimi əleyhinə olan qaydaları pozmuş, qanunsuz mitinqdə iştirak etmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidin məhkəmə iclasında verdiyi ifadələri və digər iş materialları ilə onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməsi və bununla da, həmin Məcəllənin 513.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xətalar olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 513.2-ci maddəsinə əsasən “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə - üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 07 may 2021-ci il tarixdən, saat 16:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 211.1, 513.2 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1, 513.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 07 may 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar