Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1219/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 07.05.2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında qeyri-qanuni mitinqdə iştirak etmiş, epidemiya əleyhinə rejimi və karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 izahatında bildirdi ki, Şəxs ölkə ərazisində xüsusi karantin rejimi olmasına baxmayaraq bir qrup şəxslə birlikdə sosial məsafəni gözləmədən 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında “Sərbəst toplaşmaq haqqında Azərbaycan Respublikası Qanunu” ilə müəyyən edilmiş qaydada təşkil edilməyən mitinqdə iştirak etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, heç bir mitinqə qoşulmamışdır. Çörək almaq üçün mağazaya getmiş, həmin vaxt mitinq keçirilməsindən xəbəri olmamışdır. Onun dövlətdən heç bir narazılığı yoxdur. Maaşından da razıdır. Heç bir partiyanın üzvü deyil, heç bir jurnalistə də müsahibə verməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Postpatrul xidməti bölüyü polis nəfəri X3 izahatında bildirmişdir ki, Şəxs 07.05.2021-ci il tarixdə icazəsiz aksiyada iştirak etdiyinə görə saxlamış, karantin rejimi ilə əlaqədar məsafə saxlamaq lazım olduğunu bildirmişlər. Şəxs mitinq zamanı jurnalistlərə müsahibə verirdi. Şəxsi saxlayaraq bölməyə təhvil vermişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 07.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07.05.2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında qeyri-qanuni mitinqdə iştirak edərək, eyni zamanda epidemiya əleyhinə rejimi və karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İXM-nin 211.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07.05.2021-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinə əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə - üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 07.05.2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, C.Cabbarlı heykəlinin qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən mitinqdə iştirak etməklə, eyni zamanda karantin rejimi qaydalarının tələblərini pozmaqla Azərbaycan Respublikasının İXM-nin 211.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 211.1 və 513.2-ci maddələri ilə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1219/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1219/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver