Məhkəmə qərarları › İş №3(006)-1222/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1222/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1222/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkil) X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova tərəfindən 14 dekabr 2022-ci il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" KB ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti 49239,75 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 15398,10 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-4731/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində toplanmış material aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-521/2023 saylı, 25 yanvar 2023cü il tarixli qərarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində toplanmış material aidiyyatla bağlı yaranmış fikir ayrılığının həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-387/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində toplanmış material aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkil) X2 verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 dekabr 2022-ci tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin təqdim olunmuş yük gömrük bəyannamələrindən və iş materiallarında olan sənədlərdən görünür ki, köçürülmüş vəsait müqabilində müəyyən məbləğdə mallar ölkəyə idxal edilmişdir. Lakin, qeyri-müəyyən səbəblərdən bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına malların ölkəyə idxal edilməsinə dair məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən «KATUN E D C B V» şirkətinin müvafiq bank hesabına 49239,75 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 16 noyabr 2020-ci il tarixli, **********2801 saylı, 02 noyabr 2020-ci il tarixli, **********6007 saylı, 28 dekabr 2020-ci il tarixli, **********9232 saylı gömrük bəyannaməsinin bank tərəfindən təsdiq olunmuş surətindən və 16 noyabr 2020-ci il tarixli, **********2815 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 15398,10 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 14 dekabr 2022-ci il tarixdə tərtib edilərkən inzibati xəta törədilmədən artıq Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 15398,10 ABŞ dolları məbləğində məhsul ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar