Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1223/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs firması (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 14, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş 05.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi Şəxs firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 05.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 114 ünvanında 05.04.2022-ci il tarixdə, saat 13:30-da Şəxs firmasına məxsus “Azərcell Eksklüziv” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat təqdim etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən 05.04.2022-ci il tarixdə, saat 16:35 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs firması ünvan 2 ünvanda yerləşən “Azərcell Eksklüziv” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkildə isə obyektin üzərində yazıların bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs firmasının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs firmasının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1223/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1223/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver