Məhkəmə qərarları › İş №3(006)-1224/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1224/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1224/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri X7 idarəsinin YPX-nin inspektoru, polis baş serjantı X2 məni Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsində saxlamış və onun barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O, həmin protokoldan qəti surətdə narazı olmuşdur. Belə ki, o, yol ayrıcında qarşıdan gələn nəqliyyat vasitəsini buraxaraq yoluna davam etmişdir. Həmin polis əməkdaşı onu özünə məxsus əl telefonu ilə çəkibdir. Ona iradını bildirdi ki, onu niyə öz əl telefonunla çəkir, halbuki dövləti onları bütün elektron sistemlə təmin ediblər ki, həm çəkiliş aparsın və həmçinin danışıqları da yazsın. Bundan başqa həmin yol polisi aşkaranə olmayan yerdə dayanmışdı. Halbuki, onların təlimatında yazılıb ki, YPX-əməkdaşları aşkaranə xidmət aparmalıdırlar. Qayda pozuntusuna gəldikdə isə o, hər hansı qayda pozuntusu etməmiş, onun qabağında Toyota Prius markalı avtomobil gedirdi, anidən piyada keçidinə piyada daxil oldu, həmin piyadaya yol vermək üçün həmin Toyota markalı avtomobil dayandı, o da məcbur olub dayanmışdır. O, həmin vaxt Naxçıandan gələn şəhid anasını qarşılamağa gedirdi. Ona da izah etdi, lakin onu başa düşmədi, əksinə kobud cavab verərək ona «nə şəhid, şəhid söhbəti artıq qurtarıbdır» dedi. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X7 İdarəsi tərəfindən barəsində olan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşlar, verilmiş şikayəti əsassız hesab edir. Belə ki. Həmin küçədə sola dönmə əməliyyatı edən avtombil qarşı tərəfdən gələn avtomobillərə maneə yaratmamalıdır. Şikayətçi isə sola dönmə əməliyyatı edərkən yol hərəkəti qaydalarının tələblərini kobud surətdə pozaraq bu xətanı törətmişdir. Həmin ərazi həm də xətlənmiş ərazidir. Bunun da tələblərinə riayət olunmayıbdır. Bununla bağlı şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Buna dair görüntü var, həmin görüntünü məhkəməyə təqdim edir və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 01 ədəd diskdə olan görüntülərə baxış zamanı X1 xx.xx.2024-cü il tarixdə «Mercedes Benz 200» minik markalı, **-GG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması müşahidə edilir. Məhkəmə, şikayət verən şəxs X3 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75 maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar