Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1226/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X3 Qərarından şikayət verilən şəxs: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:34 radələrində idarə etdiyi “Haval H6” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Bona Dea” klinikasından çıxmış, Bəkir Çobanzadə küçəsi ilə hərəkət edib Mehdi Abbasov küçəsi ilə yol kəsiyinə çatdıqda dönmə işarəsini yandırıb sağdan gələn avtonəqliyyat vasitələrini buraxaraq sağa dönmək istəyərkən sağdan sürətlə hərəkət edən “Fiat Doblo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən onun avtomobilinə dəyərək hərəkətini davam etdirmişdir. Bundan sonra isə o, sağa dönüb bir qədər qabaqda maşını saxlamışdır. Digər nəqliyyat vasitəsinin sürücüsü də bir qədər sonra gəlib ondan arxada avtomobili saxlayıb düşmüşdür. Hər iki avtomobil yüngül əzilmişdir. Söhbət zamanı təqsirin kimdə olması barədə razılığa gələ bilmədikləri üçün digər avtomobilin sürücüsü “102” xidmətinə zəng etmişdir. O, bu sürücüyə bildirmişdir ki, avtomobildə körpə xəstə uşağın hərarəti qalxdığı üçün uzun müddət gözləyə bilmir. Cavabında isə həmin şəxs də tələsdiyini bildirmişdir. Bir qədər gözlədikdən sonra bir daha onun tərəfindən “102” xidmətinə və sığorta şirkətinə məlumat verildiyini dəqiqləşdirib oradan getmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı Elçin Abbasov tərəfindən dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin idarəyə gedib orada polis mayoru Müzəffər Məmmədovla qeydə alınmış video yazıda hadisənin baş vermə anına baxdıqda ona bildirilmişdir ki, təqsir tamamilə ondadır. O, bununla razılaşmayıb digər nəqliyyat vasitəsinin yol nişanına əsasən sağa hərəkət etmək əvəzinə sola getdiyi üçün hadisənin baş verdiyini vurğulamışdır. Polis əməkdaşı heç bir izah vermədən yenidən təqsirin onda olduğunu deyərək hadisə barədə izahat verməyi xahiş etmişdir. İzahatı olduğu kimi yazdıqdan sonra Müzəffər Məmmədov və orada olan polis kapitanı E.Abbasov təkidlə tələb etmişlər ki, təqsir onda olduğu üçün ziyanı ödəsin. Lakin o, özünü təqsirkar bilmədiyi üçün bundan imtina etmişdir. Bundan əlavə, onlara bildirilmişdir ki, təqsirin onda olduğu ilə razılaşsa belə onda ziyanı o deyil, sığorta şirkəti ödəməlidir və nəyə görə onlar maraqlıdırlar ki, ziyanı sığorta şirkəti deyil, məhz o, ödəsin. Cavabında M.Məmmədov bildirmişdir ki, ziyanı ödədiyi təqdirdə barəsində yüngül maddə ilə protokol tətbiq edib məsələni həll edəcəklər, əks təqdirdə hadisə yerindən yayındığı üçün əlavə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə də onu məsuliyyətə cəlb edəcəklər. O isə hadisə barədə polisə məlumat verildiyini, avtomobildə olan bir yaşlı uşağın hərarətinin yüksəldiyi üçün hadisə yerində artıq gözləyə bilməyəcəyini izah etsə də, buna məhəl qoyulmayıb onun barəsində İnzibati Xətalar Məcəlləsinin 321.1 və 327.6-cı maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2024cü il tarixdə o, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə işlə bağlı qəbul olmuş qərarı almaq üçün gedib M.Məmmədovdan işin materiallarını tanış olmaq üçün ona təqdim etməsini də xahiş etmişdir. Lakin guya bundan əvvəl gələrkən işlə tanış olduğunu bəhanə gətirərək əvvəlcə bundan imtina edilmiş, lakin o bundan israrlı olduğu üçün iş materiallarının surətini ona verilməsinə dair göstəriş verilmişdir. Bu zaman materiallarda hadisənin iştirakçısı olan digər sürücünün telefon nömrəsi qaralanaraq ona təqdim olunmuşdur. O, buna etiraz edərək materialların natamam surətinin təqdim edilməsinin və təqdim edilməzdən əvvəl onlara hər hansı məlumatın gizlədilməsi məqsədi ilə vəzifəli şəxs tərəfindən düzəliş edilməsinin kobud qanun pozutusu olduğunu bildirsə də, cavabında digər sürücünün telefon nömrəsinin verilməsinin qadağan edildiyini bildirmişlər. Ona təqdim edilən nə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol, nə də ki onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6351900 saylı inzibati tənbeh vermə haqqında qərar onları qəbul etmiş vəzifəli şəxslər tərəfindən hətta imzalanmayaraq qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hadisə yerində şaquli şəkildə quraşdırılmış “4.1.6” məcbur hərəkət istiqaməti nişanı yalnız sağa və sola hərəkət etməyə icazə verir. Belə olan təqdirdə sağdan hərəkət edən **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola və düz deyil, yalnız sağa dönmə hərəkəti etməli idi, o, isə sola. Lakin o, dönmə işarəsini yandırıb sağa dönmək istəyərkən digər sürücü sol ilə hərəkət edib qeyd olunan nişanın tələblərini pozaraq qəza hadisəsini törətmişdir. O isə sağa meyillənib sağdan gələn nəqliyyat vasitələrinə yol verərək sonra dönmə hərəkətini etmək istəmişdir. Bu halların heç biri araşdırılmadan polis əməkdaşları tərəfindən təqsirin onda olması qənaətinə gəlinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. O ki, qaldı onun İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsilə məsuliyyətə cəlb olunması isə tamamilə absurd və qanuna ziddir. Çünki, həmin maddədə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Əvvəla, burada qaydaları pozan sürücü dedikdə qaydaların açıq aşkar pozulmasından gedir (arxadan nəqliyyat vasitəsini, piyadanı piyada keçidində vuran və sairə). Qeyd olunan hadisədə isə yol hərəkəti qaydalarını o deyil, hadisənin iştirakçısı olan digər sürücü pozmuş və ən azından bu indiyə kimi mübahisəli məsələdir. Eyni zamanda digər sürücü də ondan sonra hadisə yerini dərhal tərk etmişdir. İkincisi, maddədə qeyd olunan hadisəni törətmiş sürücü dərhal hadisə yerindən yayınmalıdır ki, onun şəxsiyyəti qeyri-məlum olsun. Qeyd olunan hadisədə isə hər iki sürücü hadisədən sonra nəqliyyat vasitələrini hadisə yerindən bir az kənarda saxlayıb söhbət etmiş, hadisənin kimin tərəfindən törədilməsinə dair razılıq əldə olunmadığı üçün “102” xidmətinə məlumat verilmişdir. Avtomobilində olan körpənin hərarətinin yüksək və bununda körpənin həyatı üçün təhlükəli olduğunu nəzərə alaraq yalnız bundan təxminən 10 dəqiqə sonra o, hadisə yerindən getmişdir. Üçüncüsü, o, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində qeyd olunan inzibati xəta pozuntusunu törədərək dərhal avtomobili sürüb getsə idi belə hadisədə əməlin inzibati xəta olmasını aradan qaldıran hal mövcud olmuşdur. Hadisə zamanı heç kəs xəsarət almamış, yalnız avtomobillərə yüngül ziyan dəymişdir. Hadisə yerində axıra kimi dayanıb rəsmiləşdirilmənin qurtarmasını gözləsəydi, onda avtomobildə olan bir yaşlı körpə uşağın hərarəti yüksək olduğu üçün həyatı təhlükə altına atılmış olardı. Qanunvericiliyin tələblərinə görə İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu inzibati xəta hesab olunmur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı hissəsində xitam verilməsini, digər hissədə işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X5 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, aparılmış araşdırmaya əsasən X5 04 mart 2024-cü il tarixdə, saat 16:35 radələrində idarə etdiyi “HAVAL H6 PLUG-İN HİBRİD” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkət edib məcburi hərəkət istiqamətini müəyyən edən “4.1.6” nişanının (sağa və ya sola hərəkət) tələbini pozaraq M.Abbasov küçəsinin kəsişməsinə daxil olaraq ancaq sola hərəkət etməli olduğu halda, sağ zolaqla hərəkət edib sola dönmək istəyən “Fiat Doblo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onun qarşısına çıxıb sağa dönərkən həmin maşınla toqquşmuş, daha sonra hərəkətini davam etdirmiş və yalnız “Fiat Doblo” markalı avtomobilin sürücüsünün onun arxasınca gəldiyini görüb maşını saxlamışdır. “Fiat Doblo” markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs ilə mübahisə edib təqsirin onda olmadığını demiş, sonuncu da məsələnin qanuni yolla həlli məqsədi ilə hadisə barədə “102” xidmətinə zəng vurub məlumat vermiş, lakin C.Dadaşov polis əməkdaşının gəlişini gözləmədən özü barədə Zərərçəkmiş şəxs məlumat vermədən hadisə yerindən çıxıb getmişdir. Qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddənin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmçinin, bu maddənin X hissəsinə görə nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Bundan əlavə, X5 bu Qanunun 37-ci maddənin İV hissəsinin tələblərinə də əməl etməyərək hadisə yerindən çıxıb getmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:35-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkət edib “4.1.6” nişanının tələbinə riayət etməklə kəsişmədə M.Abbasov küçəsinə sağa dönmək istəyərkən sol zolaqda olan “HAVAL” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol verməyərək sağa dönərkən onun idarə etdiyi avtomobili vurmuşdur. O, avtomobili bir az qabağa sürüb yolun ortasında olan təhlükəsizlik adacığında saxlasa da, “HAVAL” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dayanmadığını görüb onun ardınca hardasa 400-500 metrə getmiş və yalnız bundan sonra həmin sürücü maşını saxlamışdır. “HAVAL” markalı avtomobilin sürücüsü təqsirin onda olmadığını dediyi üçün o, hadisə barədə “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bu müddət ərzində həmin sürücü piyada hadisə yerinə gedib geriyə qayıdaraq bir daha təqsirin onda olduğunu bildirərək heç bir söz demədən özü barədə məlumatlar təqdim etmədən maşınına əyləşib çıxıb getmiş, kiminsə xəstə olduğunu söyləməmişdir. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 xx.xx.2024-cü il tarixdə, saat 16:35-də idarə etdiyi “HAVAL H6 PLUG-İN HİBRİD” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə ilə M.Abbasov küçələrinin kəsişməsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir; • Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X5 xx.xx.2024-cü il tarixdə, saat 16:35-də idarə etdiyi “HAVAL H6 PLUG- İN HİBRİD” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə ilə M.Abbasov küçələrinin kəsişməsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; • CD diskdə olan video görüntüdən aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində “HAVAL H6 PLUG-İN HİBRİD” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olarkən yol ayrıcında sağa dönmək istəyərkən həmin yolun sağ zolağı ilə hərəkətdə olan “FİAT DOBLO” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib dönərək sonuncu maşınla toqquşmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş video görüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə, həmin Məcəllənin 327.6-cı maddəsi isə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə: • Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir (37-ci maddənin İV hissəsi); • Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir (42-ci maddənin V hissəsi); • Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir (42-ci maddənin X hissəsi). Beləliklə müəyyən edilir ki, X5 04 mart 2024-cü il tarixdə, saat 16:35 radələrində idarə etdiyi “HAVAL H6 PLUG-İN HİBRİD” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkət edib məcburi hərəkət istiqamətini müəyyən edən “4.1.6” nişanının (sağa və ya sola hərəkət) tələbini pozaraq M.Abbasov küçəsinin kəsişməsinə daxil olaraq ancaq sola hərəkət etməli olduğu halda, sağ zolaqla hərəkət edib sola dönmək istəyən “Fiat Doblo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onun qarşısına çıxıb sağa dönərkən həmin maşınla toqquşmuş, daha sonra hərəkətini davam etdirmiş və yalnız “Fiat Doblo” markalı avtomobilin sürücüsünün onun arxasınca gəldiyini görüb maşını saxlamışdır. “Fiat Doblo” markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs ilə mübahisə edib təqsirin onda olmadığını demiş, sonuncu da məsələnin qanuni yolla həlli məqsədi ilə hadisə barədə “102” xidmətinə zəng vurub məlumat vermiş, lakin C.Dadaşov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddənin İV hissəsinin tələblərinə əməl etməyib hadisə yerindən çıxıb getmişdir. Belə olan halda o, haqlı olaraq Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1226/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1226/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver