Məhkəmə qərarları › İş №3(006)-1227/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1227/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1227/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə qanuni istifadəsində olan “Chevrolet Aveo" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu Keykab Səfərəliyeva küçəsində (Port Baku mall) hərəkətdə olarkən DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən saxlanılmışdır. Saxlanılan zaman DYPİ əməkdaşı ona bildirmişdir ki, guya o, DYP-nin xidməti nəqliyyat vasitəsinin işarə siqnalından istifadəsinə etməsinə baxmayaraq həmin xüsusi təyinatlı nəqliyyat vasitəsinə yol vermədiyinə görə saxlanılmışdır. O isə DYPİ əməkdaşına hərəktə olduğu müddətə ona heç bir xüsusi işarə verilmədiyini bildirmişdir. Təəssüf ki, DYPİ əməkdaşı heç bir ətralı araşdırma aparmadan və ona heç bir sübut təqdim etməyərək əsasız olaraq barəsində guya İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına,1.1, 1.3 və 1 . 11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət elməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi) və 331-ci maddələrinin (Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə) tələblərini pozduğuna görə inzibati protokol tərtib etmişdir. Təbii ki, hər hansı pozuntuya yol vermədiyini nəzərə alaraq barəsində tərtib edilmiş protokola etirazını bildirmiş və polis əməkdaşının qəbul etmək istədiyi inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərardan narazı olduğunu qeyd etmişdir. Bu səbəbdən barəsində qərarsız protokol tərtib edilmiş və iş guya ki, araşdırılması üçün yönəldilmiş Bakı şəhəri X6 İdarəsinə. Burada da heç bir araşdırma aparmadan, ümumiyyətlə onunla heç telefonla belə əlaqə saxlamadan 15 mart 2024-cü il tarixdə sözügedən protokol əsasında barəsində TP ******* saylı qərar qəbul edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, DYPİ əməkdaşı tərəfindən tərtib edilən sözügedən inzibati protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı, 15 mart 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi tərəfindən ümumiyyətlə hər hansı pozuntuya yol verilməmişdir. Ona yol polisi tərəfindən xüsusi siqnal vasitəsilə hər hansı icra edə biləcəyi və ya icra etmədiyi siqnal verilməmişdir. Hətta barəsində tərtib edilən protokolda AR İXM-nin 327.2-ci maddəsinin qevd edilməsi ümumiyyətlə gülünc dolu bir haldır. Çünki həmin maddənin dispoziyasında qeyd edilən halların heç biri həmin zaman ümumiyyətlə mövcud olmamışdır. O, nə yolayrıcında olmuş, nə işıqfor görmüş, ümumiyyətlə birtərəfli yolda hərəkət etmiş və qadağan edilmiş hər hansı ötmə əməliyyatının tərəfindən icra edilməsi belə mümkünsüz olan bir haldır. Polis əməkdaşından baş vermiş halı təsdiq edən hər hansı bir sübut tələb etdikdə isə polis əməkdaşı onda belə bir sübut növünün olmamasını əsas gətirərək ona bildirmişdir ki, lazım olsa iş üzrə qəbul edəcək orqan (Bakı şəhəri DYPİ) özü bununla bağlı müvafiq sübutları təqdim edəcək. Lakin yuxarı səalhiyyəlli orqan tərəfindən ümumiyyətlə hər hansı araşdırmanın aparılmamasının şahidi olduqdan sonra o, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qüvvədə olan qanunvericiliyin tələbi birbaşa olaraq müəyyən edir ki, inzibati xətanın törədilməsinə hər hansı bir şübhə varsa barəmdə inzibati tənbeh növü seçilə bilməz. Öz fantaziyasının məhsuluna əsaslanan DYPİ əməkdaşları isə (protokol tərtib edən və qərar qəbul edən) ümumiyyətlə Məcəllənin tələbini heçə sayaraq öz daxili yazılmamış qaydalarına əsaslanaraq barəsində protokol tərtib etmişlər. Göstərilənlərə əsasən, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri BPİ-nin X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhəri BPİ-nin X6 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhəri BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayət qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar