Məhkəmə qərarları › İş №3(006)-1235/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1235/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1235/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyi qanunsuz olaraq o, avtomobildə olduğu halda onu cərimələmiş, halbuki, o, özünü yaxşı hiss etmədiyindən su içmək məqsədilə avtomobili saxlamışdır. Göstərilənləri nəzərə alaraq, 01 dekabr 2021-ci il tarixli BNA ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, X2 idarə etdiyi “X8” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 dekabr 2021-ci il tarixdə, saat 21:47 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində “3.28” (Durmaq qadağandır) yol nişanını təsir zonasında saxlamışdır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Həmçinin şikayətçinin səhhəti ilə əlaqədar olaraq avtomobilini dayandırması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən bildirir ki, Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 01 dekabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 01 dekabr 2021-ci il tarixdə, saat 21:47-də Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində dayanma və durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, X4 idarə etdiyi “X8” markalı, **-FE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində saat 21:42-dən 21:47-dək olan müddət ərzində 3.28 nişanının təsir dairəsində saxlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 01 dekabr 2021-ci il tarixdə saat 21:47-də Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində dayanma və durma qaydalarını pozaraq özünə məxsus “X8” markalı, **-FE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, X4 Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli BNA ******* saylı qərarı ilə özünə məxsus “X8” markalı, **-FE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntüdən də aydın olur ki, 30.11.2021-ci il tarixdə X2 idarə etdiyi “X6” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, L,Tolstoy küçəsinin kəsişməsində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.28” (Durmaq qadağandır) - yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə saxlamışdır. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla X4 tərəfindən xətanın törədilməsi faktı aşkar edilmişdir. Bununla da görünür ki, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 01 dekabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar