Məhkəmə qərarları › İş №3(006)-124/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-124/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-124/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:14-də Nəsimi rayonu Cavadxan küçəsində idarə etdiyi KİA markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili yol kənarında saxlayaraq nəqliyyat vasitəsinin qapısını açması piyada hərəkətdə olan X1 ayaq nahiyəsinə dəyməsi nəticəsində sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində etibarnamə ilə idarə etdiyi, saz vəziyyətdə olan avtomobili Nəsimi rayonu, Memar Əcəmi metrostasiyasının yaxınlığında yerləşən Makdonalds kafesinin qarşısında yerləşən parkinqdə saxlamış, bundan bir qədər sonra avtomobilin sürücü tərəfdən qapını açan zaman parkinqdə avtomobillərin arası ilə hərəkətdə olan sonradan adını X2 tanıdığı qadının sağ ayaq nahiyyəsinə dəymiş, bundan sonra avtomobildən düşüb qadına yaxınlaşmış, ona yardım təklif etmiş, lakin Aygül adlı qadın buna ehtiyacı olmadığını bildirmiş, yoluna davam etmiş, hadisə onun qapını ehtiyatsızlıqdan açmağı nəticəsində baş vermişdir. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 1464 saylı ekspert rəyindən görünür ki, X3 bədənində aşkar olunmuş xəsarətlər-sağ budunun geniş ölçüdə qançırı və dərialtı hematomaları ilə müşayiət olunan yumşaq toxumaların əziyi, ağrı hesabına hərəkət pozğunluğu aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş 24 noyabr 2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK- 1157 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X5 tərəfindən tərtib edilmiş 19 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar