Məhkəmə qərarları › İş №3(006)-1245/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1245/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1245/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs MMC-nin ünvanına 99RT464/99ZC884 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********74695 sorğu nömrəli, 08.04,2020-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. **********6772 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar xx.xx.2020-ci il tarixdə, saat 18:42 radələrində ölkə ərazisinə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə saat 15:14 radələrində elektron qaydada gömrük orqanına göndərilmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/010222 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 99RT464/99ZC884 nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə iclasında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, şirkətin ünvanına xx.xx.2020-ci il tarixdə 99RT464/99ZC884 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş yüklər Bakı Baş gömrük İdarəsində **********7469 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilənədək verilməməsi ilə bağlı bildirmək istəyir ki, göndərən şirkət tərəfindən sənədlər gec göndərilmişdir. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Qeyd olunan halların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, 00100-1148/20 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********7469 saylı gömrük bəyannaməsindən görünür ki, X4 A.Ş tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən yük avtomobili ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar