Məhkəmə qərarları › İş №3(006)-1245/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1245/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1245/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon X12 Şöbəsinin polis leytenantı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri üzrə tərəfindən inzibati xəta törədilməsi barədə 25 fevral 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Nəsimi rayon X12 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri üzrə inzibati xəta törətməklə 100 manat miqdarında cərimələnmişdir. Hesab edir ki, Nəsimi rayon X12 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı əsassızdır və ləğv olunmalıdır. Belə ki, protokol və qərara əsasən, guya o, 25 fevral tarixində, saat 16:30 radələrində Bakının Kaveroçkin küçəsində əvvəlcə digər bir nəqliyyat vasitəsinə qarşı yol hərəkəti qaydalarını pozmuş, daha sonra hadisə yerindən yayınmağa görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Halbuki, polis əməkdaşları tərəfindən 25 fevral 2025-ci il tarixində, saat 16:30 radələrində nəqliyyat vasitəsinə qarşı yol hərəkəti qaydasını pozmağı ilə bağlı ona hər hansı sübut təqdim olunmamışdır. Habelə, yol hərəkəti qaydasının hansı nəqliyyat vasitəsinə qarşı pozulması da ona bildirilməmiş, bu barədə müvafiq qeyd nə 25 fevral 2025-ci il tarixli, İXP ******* saylı protokolda, nə də hazırda şikayət olunan xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarda öz əksini tapmışdır. Aydındır ki, qərar əsassız qəbul edilmişdir. Habelə, baş verən yol-nəqliyyat hadisəsinə dair hər hansı sübut mövcud deyildir. Məhkəmə işə ancaq təqdim olunmuş sübutlar əsasında baxır. Nəsimi rayon X12 Şöbəsi hər hansı sübut təqdim etmədən, baş vermiş yol- nəqliyyat hadisəsi ilə bağlı videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülər təqdim etmədən onu əsassız olaraq məsuliyyətə cəlb etmişdir. Məhkəmə də hal-hazırda öz növbəsində həmin tarixdə protokolda qeyd olunan ünvanda və vaxtda tərəfindən müvafiq inzibati xətanın törədilib-törədilmədiyini videomüşahidə kameraları vasitəsilə müəyyən edə bilər. Habelə baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsinə dair Nəsimi rayon X12 əməkdaşları tərəfindən hadisə yerinin videokamera vasitəsilə görüntüsü də qeydə alınmamışdır. İşin düzgün şəkildə araşdırıldığı təqdirdə hadisə yeri üzrə kameralardan, o cümlədən, Təhlükəsiz Şəhər kameralarından görünə bilər ki, tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, Nəsimi rayon X12 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməlidir. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İşin faktiki hallarından, habelə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, şəxsə istinad edilmiş maddə üzrə təqsirliliyi sübuta yetirilməmişdir. O, göstərilən küçədə dayanmış və bildirmişdir ki, maşın sürtmüşdür. Lakin, avtomobildə olan şəxslər birdirilər ki, maşında heçnə yoxdur, sürüb getsin. Onluq heçnə yoxdur. İzahatı səhv alınmışdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətinin məzmununa uyğun olaraq izahat vermiş, həmçinin əlavə olaraq bildirmişdir ki, məhlədən keçərkən onun avtomobili ilə digər avtomobil bir birinə astaca toxunmuş, lakin həmin anda hansı sürücünün təqsirli olmasını müəyyən etmək mümkün olmamışdır. Digər avtomobilin sahibi onun tərəfindən avtomobilinə zədə dəyməsini bildirsə də, lakin həmin avtomobildə heçnə olmamışdır. O, hadisə yerindən qaçmamışdır. Ondan bir bir gün sonra şikayət edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsinin nümayəndəsi X6 bildirmişdir ki, qarşı tərəfin izahatı əsasında araşdırma başlanmış və müəyyən edilmişdir ki, X5 25 fevral 2025-ci il tarixdə idarə etdiyi “CHANGAN F70” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, Kaveroçkin küçəsində yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerində qaçmışdır. X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli etirafedici izahatı ilədə öz təsdiqini tapmışdır. Qeyd etdiklərinə əsasən X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatın məzmunundan görünür ki, X5 xx.xx.2025ci il tarixdə yol nəqliyyat hadisəsi törətməsini, hadisə barədə ona sonradan polis idarəsi tərəfindən məlumat verilməsini qeyd etmişdir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1 və 327.6-cı maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Nəsimi Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar