Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1246/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5, tələbkarlar X3, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli, 2(006)-7063/2017 saylı icra sənədi üzrə 63579,60 manat məbləğində borcun 45175,60 manat hissəsini ödəməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli, 2(006)-7063/2017 saylı icra vərəqəsinə əsasən Şəxs X1 və X3 xeyrinə 63579,60 manat məbləğində pul vəsaiti tutulmalıdır. Lakin Şəxs icra şöbəsi tərəfindən ona göndərilmiş bildirişlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən icra sənədinin icrasını tam təmin etməmişdir. Belə ki, borclu tərəfindən cəmi 18400 manat ödəniş edilmiş, hazırda ödənilməmiş 45175,60 manat borcu vardır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun alacağı var, həmin pulu alan kimi borcunu tam olaraq bağlayacaqdır. O vaxta kimi isə borcundan hissə-hissə ödənişlər edəcəkdir. Hazırda tələbkarla bununla bağlı razılığa gəlmişlər. Həmçinin, iki gün öncə də 150 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 borcun hissə-hissə ödənilməsi ilə bağlı Şəxs ilə aralarında razılığa gəldiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 borcun hissə-hissə ödənilməsi ilə bağlı Şəxs ilə aralarında razılığa gəldiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.10.2017ci il tarixli, 2(006)-7063/2017 saylı icra vərəqəsinə əsasən Şəxs X1 və X3 xeyrinə 63579,60 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcraata başlamaq haqqında 29.10.2018-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli, 2(006)-7063/2017 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. 12.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən X1 hesabına 150 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədinin icrasından yayınmır, bugünədək borcundan müəyyən ödənişlər etmiş, məhkəmə iclasında tələbkarlar X6 və X2 olan borcunu ödəyəcəyinə dair öhdəlik götürmüş, bununla bağlı tərəflər razılığa gəlmişlər. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1246/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1246/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver