Məhkəmə qərarları › İş №3(006)-1249/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1249/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1249/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 29.01.2021-ci il tarixdə Xətai rayonu, Xocalı prospektində şəxsi avtomobilində şüşələr bağlı şəkildə oturmuş və tibbi qoruyucu vasitə burnundan bir az aşağıda yerləşmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu avtomobildən düşürdükdə o, bunun səbəbini soruşsa da polislər kobud davranaraq sənədini tələb etmiş və onu tutub içəri basacaqları ilə hədələməklə barəsində protokol tərtib etmişlər. Lakin o, protokola imza etməkdən imtina etmiş və həmin protokolun surəti ona verilməmişdir. 29 yanvar 2021-ci il tarixdə barəsində əsassız protokol tərtib edilmişdir. Həmin protokol əsasında da həmin gün onun AR İXM-nin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, araşdırma aparılmdan protokol tərtib edildiyi gün qərar qəbul edilmişdir. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş, onun əməlində AR İXM-nin 211.2-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, o, şəxsi avtomobilində tək olmuş, avtomobilin şüşələri bağlı vəziyyətdə olmuş, onun həmin vaxt qoruyucu vasitədən istifadə etmək zərurəti olmamışdır. Bu halların hər hansı bir inzibati xəta törədilməsi hesab edilməsi absurddur . Belə ki, şəxsi avtomobildə, həmçinin bir ailənin üzvləri avtomobildə olduqları halda belə tibbi qoruyucu vasitədən istifadə edilməsi nəzərdə tutulmamış, qoruyucu vasitədən yalnız küçədə, qapalı məkanlarda və marşrut avtobuslarında istifadə məcburidir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul eilmiş, həmin qərar ona göndərilməmişdir. Belə ki, həmin qərar Nəsimi rayon İcra Şöbəsi tərəfindən ona icraata başlamaq haqqında qərar göndərildiyi vaxt inzibati xəta haqqında qərar çıxarılmasından məlumatım olmuş və qərarın surəti ona 03.05.2021-ci il tarixdə verilmiş və şikayət vermə müddəti də bu tarixdən hesablanmalıdır. Halbuki İXM-nin 15-ci fəslində qərarın çıxarılması qaydaları təsbit edilmişdir və bu qaydalara əməl edilməmişdir. Nə protokol, nə də qərar qanunvericliyin tələbləri çərçivəsində qəbul edilməmişdir, protokol onun iştirakı ilə və şahidlər dəvət ediməklə tərtib edilməli və surəti ona təqdim edilməli idi. Ona görə də qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi tərəfindən çıxarılmış 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəratində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Xətai RPİ-nin 37-ci PŞ-yə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Xətai RPİ-nin 37-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, T.T.Novruzbəyov 29 yanvar 2021-ci il tarixdə, saat 11:15 radələrində Xətai rayonu, Xocalı prospektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin T.T.Novruzbəyova ünvanladığı tələbin könüllü icrası haqqında 08 aprel 2021-ci il tarixli bildiriş surətindən görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün T.T.Novruzbəyov xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 08 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə icraata başlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, T.T.Novruzbəyovun Xətai rayonu, Xocalı prospektində olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozması səbəbindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında 29 yanvar 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, T.T.Novruzbəyovun barəsində Xətai RPİ-nin 37-ci PŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, qeyd edilən inzibati xəta haqqında protokol T.T.Novruzbəyovun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sonuncunun tibbi maskadan istifadə etməsi nəzərə alınmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və T.T.Novruzbəyovun barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 20-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Xətai RPİ-nin 37-ci PŞ-nin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar