Məhkəmə qərarları › İş №3(006)-1253/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1253/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1253/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinin rəisi tərəfindən barəsində tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsi tərəfindən onun İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X8 Xidməti 2-ci Ərazi X8 İdarəsi tərəfindən onun barəsində 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında əsassız və qanunsuz qərar çıxararaq, 150 (bir yüz əlli) manat cərimə etmişdir. Qeyd olunun qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi götürülmüş 17.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol saxtadır. Belə ki, həmin protokol AR FHN X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinin 14.01.2022-ci il tarixli, 0134 saylı X1 Haqqında Qərar əsasında aparılmış yoxlamanın nəticəsi olaraq tərtib edilmişdir. Həmin 14 yanvar 2022-ci tarixli, 0134 saylı qərarda isə aydın şəkildə göstərilir ki, (qərarın 1-ci və 2-ci bəndi) yoxlama VÖEN-********** olan, təssərrüfat obyekti isə ünvan 1 ünvanda yerləşən sahibkarlıq subyekti üçün aparılır. Daha doğrusu, həmin yoxlamanın və yoxlamada aşkar olunan inzibati xətanın subyekti o deyil və həmin mağazanın ona heç bir aidiyyatı yoxdur. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və VÖEN-i yoxdur. Qeyd olunan obyektin, yəni Nəsimi rayonu, Cavadxan küçəsi, ev 1 ünvanında yerləşən mağazanın sahibi və ya icarədarı deyil. Sadəcə olaraq o, həmin obyektin sahibi olan, fərdi sahibkar - VÖEN ********** X3 etibarnamə üzrə nümayəndəsidir. Həmin etibarnamənin surətini yoxlama zamanı yoxlayıcılara təqdim etmiş və nümayəndə kimi yoxlamada iştirak etmişdir. Nümayəndə kimi yoxlamada iştirak etmək o demək deyil ki, o, nümayəndəsi olduğu fərdi sahibkarın sahibkarlıq fəaliyyəti ilə əlaqədar yol verdiyi inzibati xətalara görə məsuliyyət daşımalıdır və yaxud tənbeh olunmalıdır?! Halbuki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 17.01.2022-ci il tarixdə vergi ödəyicisi X3 (YÖEN **********) işlətdiyi obyektdə - Cavadxan küçəsi, ev 1 ünvanda yerləşən mağazada tərtib olunmuş protokol saxtadır. Belə ki, 17.01.2022-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol işin hallarına heç bir aiddiyyatı olmayan şəxs barədə tərtib olunmuşdur və inzibati xətanın tərkibi yoxdur. AR İXM-nin 53-cü maddəsinə əsasən, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sözügedən protokol tərtib edilərkən barəsində iş üzrə icraat aparılan fiziki şəxsə hüquq və vəzifələri izah edilməmişdir. İXM-in 100.2-ci maddəsinə əsasən isə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. AR FHN X8 Xidməti 2-ci Ərazi X8 İdarəsi tərəfindən barsəsində 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin 105-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İXM-nin 105.1ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. AR FHN X8 Xidməti 2-ci ərazi X8 İdarəsinin tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı səlahiyyətli orqan (vəzifəli şəxs) işin baxılmasını istisna edən halların mövcud olub-olmamasını (maddə 106.0.2). inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib edilib-edilməməsini (maddə 106.0.3) işin icraatını rədd edən halların mövcud olub-olmamasını (maddə 106.0.4) həll etməmişdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması (maddə 109.1.6) barədə qərardad çıxarmamışdır. Beləliklə. İXMnin 109.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İXM-nin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə səlahiyyətli orqan (vəzifəli şəxs) heç bir inzibati xəta hadisəsi törətmədiyim halda İXM-in 53.1.1 və 53.1.2-ci maddələrinin tələblərini pozaraq onu əsassız olaraq məsuliyyətə cəlb edərək, cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.3-ci maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsi tərəfindən barəsində qəbul edilən 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, bir neçə obyektdə mühasibat işləri görür, həmin obyektlərdən biri də Nəsimi rayonu, Cavadxan küçəsi, ev 1 ünvanında yerləşən mağazadır. Həmin mağazada sahibkar kimi O.B.Əsədov fəaliyyət göstərir. Ona O.B.Əsədov etibarnamə vermiş və o, həmin etibarnamə əsasında 17 yanvar 2022-ci il tarixdə mağazada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinin əməkdaşları tərəfindən yoxlama aparılarkən nümayəndə kimi iştirak etmişdir. Lakin obyekt ona məxsus deyil və o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən obyekt cavabdeh şəxs X6 tərəfindən icbari qaydadda sığortalanmamış, obyekt yanğın xəbərverici siqnolizasiya qurğusu ilə təmin edilməmiş, elektrik naqilləri EQQQ-nin tələbinə uyğun olmamış, həmçinin protokol mövcud olmamış, bununla da, sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 13 fevral 2019-cu il tarixli, 737010 saylı etibarnamənin surətindən görünür ki, O.B.Əsədov 15 il müddətinə X5 idarə və müəssisələrdə onun hüquqlarını həyata keçirilməsi üçün etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahiblarlıq uçotu haqqında 22 oktyabr 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, O.B.Əsədov vergi ödəyicisi olmaqla, ********** saylı VÖEN almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mağazada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin əməkdaşları tərəfindən 14.01.2022-ci il tarixli qərarla 17.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixədək yanğın-texniki müayinənin vəziyyətinə dair yoxlama aparılmış, orada obyektin icbari qaydadda sığortalanmaması, obyekt yanğın xəbərverici siqnolizasiya qurğusu ilə təmin edilməməsi, elektrik naqillərinin EQQQ-nin tələbinə uyğun olmamaması, həmçinin protokolun mövcud olmaması müəyyən edilmiş və vergi ödəyicisi olmaqla, ********** saylı VÖEN almış O.B.Əsədovun barəsində inzibati xəta haqqında prorkol tərtib etmək əvəzinə qanunsuz olaraq sonuncunu təmsil edən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında 17 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X6 yuxarıda qeyd olunmuş həmin maddə ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin əməkdaşları tərəfindən inzibati xətanın kim tərəfindən törədilməsi düzgün müəyyən edilməmişdir. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş hallara səbəbkar X6 yox, ünvan 2 ünvanında yerləşən obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisi olmaqla, ********** saylı VÖEN almış O.B.Əsədov olmuşdur. Buna baxmayaraq, inzibati xəta hadisəsi aşkar edildikdən sonra həmin inzibati xətanı törətmiş subyekt düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq X2 barəsində düzgün olmayaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Bununla da, məhkəmə belə hesab edir ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən biri subyekt düzgün müəyyən edilmədiyindən, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz başlanılmış icraata isə xitam verilməlidir. Yuxarıdakilara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci Ərazi X8 İdarəsi tərəfindən barəsində qəbul edilən 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 inzibati xəta törədilməsində aidiyyəti olmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci ərazi X8 İdarəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci ərazi X8 İdarəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar