Məhkəmə qərarları › İş №3(006)-1255/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1255/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1255/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 20 fevral 2023-cü il tarixli, 00100-00312/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********6777 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin "Gömrük prosedurları və ödənişləri" şöbəsindən daxil olmuş 34/012/000924 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "B GROUP AZ” MMC-nin ünvanına 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 12 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikasından 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə mallar daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********6777 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına 11 dekabr 2022-ci il tarixdə saat 13:27 radələrində verilmiş, mallar isə 11 dekabr 2022-ci il tarixdə saat 14:03 radələrində gömrük ərazisinə daxil olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta hadisəsi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 yanvar 2023-cü-ci il tarixli raportdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********6777 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etməli olduğu qısa idxal bəyannaməsinin olmadığı aşkar olunmuşdur. Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6777 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 14:03-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2022-ci il tarixli **********6777 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********3596 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 13:26-da gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 54H5718/54H5719 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş malların **********6777 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bəyannaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2ci yarımbəndinə əməl edilməklə verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar