Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1258/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə xx.xx.2023-cü il tarixdə Şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və Ak.M.Qaşqay küçələrinin kəsişməsi, 649-cu məhəllədə yerləşən kompyüterlərin satışı mağazasında yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aparılan planlı yoxlama zamanı onun tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma və barəsində icraat aparılan hüquqi şəxsə bildirişlər göndərilsə də, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Şəxs məhkəməyə hazırki işlə bağlı ərizəsi daxil olmuşdur. Ərizədə qeyd olunur ki, Şəxs bu inzibati xətanın törədilməsinə heç bir aidiyyəti yoxdur. Belə ki, o, kompyüter avadanlıqlarının alqı-satqısı və təmiri ilə məşğuldur. Bir neçə il öncə A.Bakıxanov və Ak.M.Qaşqay küçələrinin kəsişməsi, 649-cu məhəllədə yerləşən obyektdə özünə icarəyə yer götürmüş, lakin təxminən 4 ay olar ki, bu ünvanda heç bir fəaliyyət göstərmir, orada ondan başqa müxtəlif sahədə işləyən qurumlar və şəxslər var. İstifadəsində olan telefona məhkəmə prosesi ilə bağlı bildiriş gəldikdən sonra məsələ ilə maraqlanmış və ona məlum olmuşdur ki, guya o, adıçəkilən ünvana gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının tələblərinə məhəl qoymayıb. Hətta bununla bağlı akt da tərtib edilib və akta o, imza edib. Halbuki, o, orada fəaliyyət göstərmir və bu müddətdə də orada olmayıb, Fövqəladə Hallar Nazirliyinin heç bir əməkdaşı ilə də ünsiyyətdə olub sənədləri imzalamayıb. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə müvafiq qaydada riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Təqdim edilmiş materiallarda isə qanunun bu tələblərinə əməl olunmasına dair sübutlara rast gəlinmir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Bu Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, tərtib edilmiş inzibati xəta haqqında protokolda yuxarıda göstərilənlərə riayət olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1258/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1258/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver