Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1262/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi Ələkbərli İldırım Hicran oğlunun iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Ələkbərli İldırım Hicran oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ələkbərli İldırım Hicran oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qanunsuz olaraq İXM-nin 327,4, 1.1, 1.3 və 1.11 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı İXP ******* saylı 22 fevral 2022-ci il tarixli protokol tərtib edilmiş və daha sonra 24.03.2022-ci il tarixli qərar qəbul edilmişdir. Elektron hökumət portalından əldə etdiyi çıxarışdan görünür ki, guya, o, 27 fevral 2022-ci il tarixdə, saat 12:37 radələrində, ona məxsus olan **-FA-*** qeydiyyat nişanlı, “SEDAN BMW MİNİK” markalı nəqliyyat vasitəsini idarə edərkən, C.Səlimov üfüqi nişanlama xətlərinin tələblərini pozmuşam və bu səbəblə İXM-nin 327.4, 1.1, 1.3 və 1.11 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin maddənin tələblərindən görünür ki, guya o, üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla yanaşı, həmdə nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətində hərəkət etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş, İXP4527863 saylı, 27 fevral 2022-ci il tarixli protokol və 24 mart 2022-ci il tarixli inzibati xəta haqqında qərar qanunsuzdur və bu baxımdan ləğv edilməlidir. Əslində o, İXP ******* saylı, 22 fevral 2022-ci il tarixli protokol və 24 mart 2022-ci il tarixli inzibati xəta haqqında qərardan qiyabi şəkildə məlumatlı olmuşdur. Belə ki, həmin qərar qəbul edilməmişdən öncə DYP əməkdaşı baş leytenant Zaur Tağıyev tərəfindən ona iki dəfə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş və onu X2 İdarəsinə 17-ci otağa dəvət edərək bildirmişdir ki, guya ondan şikayət var gəlib məsələni orada həll etməlidir. O isə bununla bağlı rəsmi bildiriş (çağırış vərəqi) göndərməyi xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ondan DYP-yə şikayət ola bilməz, əgər şikayət varsa bu barədə onu ancaq polis bölməsi və ya istintaq orqanı çağıra bilər. Daha sonra onun israrla etiraz etdiyini nəzərə alaraq, hazırki qanunsuz qərar qəbul edilmişdir. Bir daha bildirir ki, onun İXP ******* saylı, 22 fevral 2022-ci il tarixli protokol və 24 mart 2022-ci il tarixli inzibati xəta haqqında qərardan xəbəri olmamışdır və həmin qərar onun iştirakı olmadan qəbul edilmişdir. Hətta bununla bağlı yaşadığı ünvana hər hansı xəbərdarlıq məktubu və ya bildiriş də gəlməmişdir. Əslində o, inzibati xətanı törətməmiş və həmin yolda qeyd edilən inzibati xətanı törətmək ümumiyyətlə mümkün deyil. Xüsusilə qeyd edir ki, inzibati xətanın törədildiyi bildirilən yolda hərəkət zolağı bir istiqamətlidir. Yəni, onun əks istiqamətli zolağa keçməyi imkansızdır. Əgər o, qeyd olunan inzibati xətanı törətmişdirsə, o zaman nə üçün DYP-nin əməkdaşı onu dərhal cərimə etmək əvəzinə əvvəlcə oz otağına çağırır? Göründüyü kimi, ehtimal edilən inzibati xəta ilə bağlı yanaşma belə doğru deyildir və nəticə etibarilə hazırkı qanunsuz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin bildirir ki, inzibati orqanın əməkdaşı tərəfindən ona qarşı edilən bu hərəkət qərəzlidir. Belə ki, eyni xətanı törətməkdə təqsirli bilindiyi üçün barəsində İXP4527853 saylı başqa bir qanunsuz protokolda tərtib edilmişdir və tərəfindən həmin protokoldan və o protokolun əsasında tərtib edilmiş qərardan da məhkəməyə şikayət vermişdir. Ehtimal edir ki, bu cür qanunsuz qərarlar dövləti xalqın gözündən salmağa yönəlmişdir və ədalət mühakiməsini həyata keçirən məhkəmələr nəinki həmin qərarı ləğv etməli eyni zamanda bu cür qanunsuz qərarları qəbul edən məsul şəxslər də cəzalanmalıdır. Barəsində tərtib edilmiş İXP ******* saylı protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin məcəllənin 53.1.11-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda X1 işlər üzrə icraat rədd edilməlidir. Təqdim etdiyi sübutlardan da görünür ki, elektron qərar real vaxt rejimində tərtib edilməmişdir. Belə ki, hadisənin baş vermə tarixi 22 fevral 2022-ci il tarix göstərilsə də protokol və qərar 24 mart 2022-ci il tarixdə tərtib edilmişdir. Həmçinin həmin məcəllənin 53.2-ci maddəsində qeyd olunur ki, hər hansı şəxs barəsində başlanılmış X1 işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin həmin məcəllənin 122-ci maddəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası müəyyən edilmişdir. Beləki, həmin məcəllənin 122.1 -ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346.3, 346- 1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında’- Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmçinin həmin məcəllənin 122.2-ci maddəsində qeyd olunur ki, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmçinin həmin məcəllənin 122.4-cü maddəsində qeyd olunur ki, İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmçinin həmin məcəllənin 122.5-ci maddəsində qeyd olunur ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini' dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş X1 yalnız bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmçinin həmin məcəllənin 122.7-ci maddəsində qeyd olunur ki, barəsində bu Məcəllənin 122.1-ci, 124.5ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin tələblərinə əsasən inzibati cərimə İnzibati Xətalar ,Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün ilk öncə təqsirim sübut olunmalıdır. Çünki İXM-nin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu. inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmçinin İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin tələblərinə əsasən inzibati xəta hadisəsi olmadıqda və onun əməlində inzibati xəta tərkibi olmadığı üçün X1 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən X1 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ələkbərli İldırım Hicran oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ona heç bir sübut təqdim olunmamış, hüquq və vəzifələri izah edilməmiş, barəsində qəbul olunmuş qərarı isə ona rəsmi qaydada təqdim etməmişlər. Qeyd etdiklərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən X1 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən X1 işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1262/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1262/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver