Məhkəmə qərarları › İş №3(006)-1264/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1264/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1264/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin nümayəndəsi X3 iştirakı ilə, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ 1 saylı uşaq poliklinikasında xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı müəyyən olunmuşdur ki, İ.ŞM-də fəaliyyəti üçün xüsusi icazə yoxdur. xx.xx.1978-ci il tarixli, 758 saylı formanın 3-cü bəndinin tələbini pozmuşdur. Bununla da, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ Azərbaycan Respublikasının İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi İ.Ş.Sadıqov inzibati xəta haqqında protokolu müdafiə edərək «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İ.Ş.Sadıqov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, protokol həmin gün tərtib edilmiş, sonradan Ayşən xanım özü gəlmiş, onlar mütəxəsislərin adını bir-bir qeyd etmişlər. Məhkəmə iclasında iştirak edən «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin nümayəndəsi R.S.Rəhimli inzibati xəta haqqında protokolla razışlaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsassızdır. Belə ki, həm FHN bilmir ki, kimin barəsində protokol tərtib etsin. Protokolda “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ, TƏBİB, 01 saylı uşaq poliklinikasının adlarını göstərilib. Əslində TƏBİB və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ ayrı-ayrı hüquqi şəxslərdir, 01 saylı şəhər poliklinikası ilə müstəqil hüquqi şəxs deyildir, həmin poliklinika “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin respublikada mövcud olan çoxsaylı poliklinikalarından biridir və hər hansı hüquqi şəxs statusu yoxdur. Həmçinin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ isə dövlət qurumudur. Dövlət qurumu inzibati məsuliyyətə cəlb edilə bilməz. Səhiyyə təşkilatı kimi hər hansı bir xeyr görmədən xidmət göstərilir. Bundan başqa, o, bildirmişdir ki, poliklinikada bəzi qurğuların nazas olması barədə özləri FHN-yə məlumat vermişlər. Göstərilənləri nəzərə alaraq «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan 05 yanvar 2023-cü il tarixli, Q-23/004 nömrəli planlı yoxlamadan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 1 saylı Uşaq Poliklinikasında aparılan yoxlama zamanı ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazəsi olmamış, tənzimləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı” olmamış, radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməmiş, ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmamış, tənzimləyici orqanla razılaşdırılmış “radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” olmamışdır. İş materiallarında olan Fövqaladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P-23/004 saylı yoxlama aktından görünür ki, ünvan 2 ünvanında yerləşən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 1 saylı Uşaq Poliklinikasında xx.xx.2023-cü il tarixli, Q-23/004 saylı qərar əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlama keçirilmiş, yoxlama zamanı 1) ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazəsi olmamış və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndi pozulmuş; 2) Tənzimləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı” olmamış və Azərbaycan Respublikasının “Əhalinin – radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunun 19-cu maddəsi pozulmuş; 3) Radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 76 nömrəli Qərarının 3-cü bəndi pozulmuş; 4) İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmamış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəli Qərarının 4-cü bəndi pozulmuş; 5) Tənzimləyici orqanla razılaşdırılmış “radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” olmamış və Azərbaycan Respublikasının “Əhalinin – radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunun 11-ci maddəsi pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2- 2022-2233 saylı məktubdan görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ (TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmışdır. 2020-ci ilin yanvarın 1-də isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir. Yarandığı ilk gündən etibarən əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması TƏBİB-in əsas məqsədi olmuşdur. Keyfiyyətli tibbi xidmətin təşkili üçün tabeliyimizdə olan tibb müəssisələrində davamlı olaraq maddi-texniki bazanın gücləndirilməsinə, kadr potensialının inkişaf etdirilməsinə xüsusi önəm verilmişdir. Bununla bağlı olaraq tibb müəssisələrində davamlı olaraq monitorinqlər aparılır, müvafiq statistik göstəricilər və indikatorlar təhlil olunur. Əhalinin sağlamlığının qorunmasında müalicə ilə yanaşı müayinələrin, xüsusilə şüa diaqnostikasının rolu çox əhəmiyyətlidir. Apardığımız qiymətləndirmə və təhlillər zamanı tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələri olan cihaz və avadanlıqların istifadəsində çatışmazlıqlar və nöqsanlar müəyyən olunmuşdur. Bu məsələ ilə bağlı rəhbərlik etdiyiniz qurumun yoxlamaları zamanı da müəyyən məsələlər ortaya çıxmışdır. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də pandemiya ilə mübarizədə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xalqımız üçün vacib məsələlərin öhdəsindən uğurla gəlinmişdir. Qarşılıqlı əməkdaşlıq münasibətlərinin davamı olaraq radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsi xüsusi önəm kəsb edir. Tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələri olan cihaz və avadanlıqların istifadəsi ilə əlaqədar mövcud vəziyyətin dəyərləndirilməsi və qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlərin görülməsi məqsədi ilə birlikdə işlərin aparılması bu sahədə mövcud çatışmazlıqların sürətli şəkildə aradan qaldırılmasında faydalı olacağına inanırıq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət tibb müəssisələrində radiasiya təhlükəsizliyinin gücləndirilməsi və məsələlərin həlli istiqamətində qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlığın inkişafı üçün əlaqələndirici şəxsin təyin edilməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-00717 saylı məktubundan görünür ki, ionlaşdırıcı şüalanma mənbələri olan cihaz və avadanlıqların istifadəsi ilə əlaqədar mövcud vəziyyətin birlikdə qiymətləndirilməsi ilə bağlı əlaqələndirici şəxsin təyin edilməsi barədə 18 may 2022-ci il tarixli, PHŞ/1 1-2-2022-2223 nömrəli məktubunuza Nüvə və X1 üzrə Dövlət Agentliyində (NRFTDA) baxılmışdır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələri olan cihaz və avadanlıqların istifadəsi ilə əlaqədar mövcud vəziyyətin qiymətləndirilməsi və qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlərin görülməsi məqsədi ilə birlikdə işlərin aparılması və bu sahədə mövcud çatışmazlıqların sürətli şəkildə aradan qaldırılması üçün əlaqələndirici şəxs qismində NRFTDA-nın Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin Nüvə və X1 üzrə Dövlət Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, PHŞ-6-1/2-782/2023 saylı məktubun surətindən görünür ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsi ilə “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmiş və TƏBİB-in İdarə Heyətinin 22 dekabr 2021-ci il tarixli 38 nömrəli qərarına əsasən fəaliyyətə başlamışdır. Mərkəzin strukturuna 105 tibb müəssisəsi daxildir. Onlardan 73 tibb müəssisəsində İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular mövcuddur. Bu tibb müəssisələrinin 11-də dental və panoramik, 3-də isə portativ qurğulardır. 7 tibb müəssisəsində isə qurğular nasaz olduğu üçün fəaliyyətini dayandırmışdır. Tibb müəssisələrinin müvafiq siyahısı məktuba əlavə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına xüsusi icazə”nin alınması və nasaz qurğuların fəaliyyətinin dayandırılması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə inzibati xəta haqqında protokol, inzibati xətanın subyekti kimi “hüquqi şəxs” hesab edilərək «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin 01 saylı Uşaq poliklinkası barəsində tərtib edilsə də həmin təşkilat İXMnin müəyyən etdiyi subyekt kimi hüquqi şəxs deyildir. Beləliklə, inzibati xətanın subyekti kimi «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin 01 saylı Uşaq poliklinkası hüquqi şəxs hesab edilərək, onun barəsində hazırkı protokol tərtib edilmişdir. Lakin həmin təşkilat dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatıdır. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin müəyyən etdiyi, inzibati məsuliyyətə cəlb edilə bilən subyekt kimi hüquqi şəxs deyildir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar