Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1269/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 qanuni nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2022-cı il tarixdə Bakıxanov küçəsində “Chevrolet Aveo” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 16:36 radələrində YPX tərəfindən saxlanılmış və Bakı şəhəri DYP patrol xidmətinin inspektoru İ.N.Əliyev tərəfindən onun barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halına (hallarına) yol verməsinin nəticəsində törətmiş olduğu xətaya görə məsuliyyətə cəlb olunmuşdur. Protokol tərtib edilərkən etirazını bildirmiş və protokolu imzalamaqdan imtina etmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 61-ci maddəsinin tələbləri əməl olunmamış, ona hüquq və vəzifələri izah edilməmiş, izahat verilməsi nə təklif olunmuş nə də izahat verilməsinə imkan yaradılmışdır və bu barədə protokolda hər hansı qeydlər aparılmamışdır. Barəsində icraat aparılan zaman hadisənin görüntüləri təqdim edilməmişdir. Bu səbəblərə görə həmin gün telefon vasitəsi ilə Baş DYPİ-nə protokoldan şikayət göndərməmişdir. Ona cavab verilmədiyi üçün 20 sentyabr 2022-ci il tarixində elektron vasitə ilə təkrarən Baş DYPİ-nə protokoldan şikayət göndərmişdir. 26 sentyabr 2022-ci il tarixində telefonuna İXP ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixindən etibarən icra qərarı qüvvəyə mindiyi barədə sms gəlmişdir. Nə ünvanına, nə də telefonuna həmin qərar göndərilmişdir. Çox çətinliklə olsa da, həmin qərarın surətini əldə etmişdir. Həmçinin o, bildirmişdir ki, həmin qərarı Bakı şəhər DYPİ bilərəkdən ünvanına və ya sms-lə telefonuna həmin qərarı göndərməyərək iki ay keçəndən sonra avtomobili cərimə meydançasına qoyaraq onu fakt qarşısında qoyacaqlar. Əvvəllər bu hal baş verdiyindən belə düşünmüşdür. Həmin qərara əsasən 100 manat cərimə olunmuşdur. 26 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qanunla nəzərdə tutulmuş müddətdə şikayət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.10 2022-ci il tarixli, 3(006)-3604/2022 saylı qərarı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. 15 dekabr 2022-ci il tarixində AZİ 178 saylı poçt vasitəsi ilə qeydiyyatda oduğu ünvana Bakı şəhər DYPİ tərəfindən göndərilmiş inzibati xəta haqqında iş üzrə bildiriş çatmışdır, həmin bildirişi xx.xx.2022-ci il tarixində ona çatdırılmışdır. Bildirişdə onun Bakı şəhər DYPİ-nə gəlmə vaxtının xx.xx.2022-ci il saat 13:00-dək göstərilmişdir. Lakin bildirişin tərtib olunma tarixi göstərilməmiş və eyni zamanda həmin bildirişin Bakı şəhər DYPİ tərəfindən poçta məhz xx.xx.2022-ci il tarixində təhvil verilməsi poçt möhüründə əks olunmuşdur. Mobil telefon nömrəsi qarşı tərəfə məlum olsa da, həmin tarixli bildiriş barədə sms gəlməmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhər DYPİ-nə teleqram vuraraq xx.xx.2022-ci il tarixli bildirişin poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə alındığına görə xx.xx.2022-ci il tarixdə işin baxılmasında iştirak etməyinin qeyri mümkün olmasını nəzər almalarını xahiş etmişdir. Bundan sonra qarşı tərəfdən ona bir məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixində mobil telefon vasitəsi ilə məlum omuşdur ki, Bakı şəhər DYPİ-nin polis mayoru H.C.Paşazadə barəsində TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq etmişdir. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, 12 sentyabr 2022-ci il tarixində saat 16:30 radələrində Bakıxanov küçəsi, Rusiya Federasiyası səfirliyinin qarşısından Zoopark istiqamətində avtomobil tıxacı var idi. Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində daima YPX-nin avtomobilləri dayanır və həmin gün də orada bir neçə YPX-nin inspektorları nəqliyyat vasitələrinin hərəkətini tənzimləyirdirlər. Kəsişməyə çatanda YPX-nin inspektoru qarşısında hərəkət edən avtomobillərə yolun əks istiqamətinə, yəni Zoopark istaqamətindən RF səfirliyi istiqamətinə gələn yola çıxıb küçənin o biri tərəfinə keçməklərini işarə etmişdir. Bunun üçün Rəşid Behbudov küçəsindən Bakıxanov küçəsinə çıxan avtomobillərin qarşısını başqa bir YPXnin inspektoru saxlatdıraraq avtomobilləri Bakıxanov küçəsi ilə yolun hər iki istiqaməti üzrə yalnız bir istiqamətə Zoopark istiqamətinə yönəlmişdir. Qarşısında hərəkət edən digər avtomobillər kimi o da hərəkət etmişdir. Həm qarşısında həm arxasında xeyli avtomobil hərəkət etmişdir. Lakin nədənsə Rəşid Behbudov küçəsi ilə kəsişməni keçən kimi (neçə illərdir orada YPX-ni avtomobilləri və inspektorları dururlar). YPX-nin inspektoru avtomobilin saxlamasına işarə etmiş və o da saxlamışdır. YPX-nin inspektoru bildirmişdir ki, yolun əks istiqamətinə nəqliyyat axının zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da yol hərəkəti qanununu pozmuşdur. Buna etiraz edərək elə həmin anda onunla eyni cür hərəkət edən avtomobil axınını göstərmişdir. YPXnin ispektoru bildirmişdir ki, ona rabitə vasitəsi ilə Səməd Vurğun küçəsində dayanan polis rəisi göstəriş vermişdir ki, ona dair protokol tərtib etsin. Təbii ki, bu özbaşınalıq və haqsızlığa etirazımı bildirərək protokolu imzalamağa etiraz etmişdir. İdarə etdi avtomobillə eyni zamanda 20-30 avtomobildən niyə məhz o İXM-nin 327.4-cü maddəsi ilə cərimələnmışdır. Digər tərəfdən yolun əks istiqamətinə avtomobillərin çıxarılıb hərəkət etməsini YPX-nin inspektorları bütün sürücülərdən, o cümlədən ondan tələb etmişlər. Bakıxanov küçəsi ilə üzü Zoopark istiqamətinə hərəkət etdiyi avtomobili elə Bakıxanov küçəsində, Rəşid Behbudov küçəsi ilə kəsişmədə dayanan YPX-nin inspektoru saxlayaraq oradaca protokol tərtib etmişdir. Lakin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolda YPX-nin inspektoru İ.N.Aliyev göstərmişdir ki, güya ptotokolu Ceyhunbəy Hacıbəyli 45 ünvanında tərtib etmişdir. GPS, 40 39335359,49,84502165 saylı ərazidə Ceyhunbəy Hacıbəyli küçəsinə çatmaqdan üçün Azadlıq prospektini keçmək lazımdır. YPX-nin inspektorunun tərtib etdiyi protololda ziddiyyətli məqamlar mövcuddur. İlk öncə müşahidə kameralarına baxış keçirilsə aydın görünür ki, onu YPX-nin inspektoru Bakıxanov küçəsində, Rəşid Behbudov küçəsi ilə kəsişmədə saxlayaraq oradaca protokol tərtib etmişdir. Ceyhunbəy Hacıbəyli 45 ünvanında, yəni GPS, 40 39335359,49,84502165 saylı ərazidə isə onun tərəfindən heç bir qayda pozuntusu baş verməmişdir və həmin ərazidə məni ümumiyyətlə YPX inspektoru saxlamamış və orada protokol tərtib olunmamışdır. 12 sentyabr 2022-ci il tarixli, saat 16:20-dən 16:50 kimi olan müddəti əhatə edən Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindən Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsini və Ceyhunbəy Hacıbəyli küçəsi 45 ünvanı və GPS, 40 39335359,49,84502165 saylı ərazini əhatə edən müşahidə kameralarının yaddaşında saxlanılan videogörüntülərə (TŞK videogörüntülərə) məhkəmədə baxış keçirilməli idi. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nəsini Rayon Məhkəməsinin 3(006)-3604/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli, TP5283262 saylı inzibati tənbeh vermə haqqında, qərardan verdiyi şikayəti üzrə 12 sentyabr 2022-ci il tarixli, saat 16:20-dən 16:50-dək olan müddətə Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindən Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsini əhatə edən müşahidə kameralarının görüntülərini əldə edilməsi ilə bağlı vəsatəti təmin edilmiş, Bakı şəhəri X10 İdarəsi həmin görüntülərin 3 gün ərzində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunmasının təmin edilməsi qərara alınsa da, Bakı şəhəri X11 İdarəsi məhkəmənin qərardadına məhəl qoymamış və tələb olunan videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.Ç.Əhmədin qanuni nümayəndəsi Ç.İ.Əhməd şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin bilavasitə tabe olan YPX-nin Alayı YPX-nin inspektoru X5 izahatında bildirmişdir ki, hal-hazırda inzibati xəta hadisəsinin görüntüsü yoxdur. Sürücü tərəfindən inzibati xəta Baxıxanov küçəsində törədilmişdir. Həmin küçədə sıxlıq olduğundan sürücü C.Hacıbəyov küçəsində saxlanılmış və eləcə də həmin yerdə protokol tərtib olunmuş və protokolda hadisə yeri GPS vasitəsi ilə müəyyən edilmişdir. Bu səbəbdən də protokolda hadisənin yeri Baxıxanov küçəsi deyil C.Hacıbəyov küçəsi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, H.Ç.Əhməd xx.xx.2022-ci il tarixdə, saat 16:38 radələrində C.Hacıbəyov küçəsində idərə etdiyi “Chevrolet Aveo” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə YHQ qanunun 1.1, 1.3 və 1.11 maddələrində göstərilən üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli, yəni nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halına (hallarına) yol vermişdir. Bununla da, H.Ç.Əhməd Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, H.Ç.Əhməd xx.xx.2022-ci il tarixdə, saat 16:38 radələrində C.Hacıbəyov küçəsində “Chevrolet Aveo” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman Bakı şəhəri DYPİ-nin polos mayor H.C.Paşazadə tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş DYPİ-nin inzibati xəta haqqında iş üzrə bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00-dək H.Ç.Əhməd həmin quruma çağırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri DYPİ-nə ünvanlanan teleqramdan görünür ki, H.Ç.Əhməd ******* nömrəli inzibati xəta haqqında iş üzrə bildirişi 15 dekabr 2022-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə aldığına görə 12 dekabr 2022ci il tarixdə işin baxılmasında iştirak edə bilməmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 3604/2023 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP 528362 saylı inzibati təhbeh vermə haqqında qərar ləvğ edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1269/2023 saylı qərardadından görünür ki, inzibati təhbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, H.Ç.Əhməd xx.xx.2022-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Bakıxanov küçəsində inzibati xəta törətdiyi halda, Bakı şəhəri DYPİ-nin polis inspektoru İ.N.Əliyev tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən hadisəsinin törədildiyi yer Bakı şəhəri, Bakıxanov küçəsi deyil C.Hacıbəyov küçəsi göstərilməklə qanunsuz olaraq H.Ç.Əhməd barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilməsinə əsas vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, H.Ç.Əhmədin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisəsinin törədildiyi yer düzgün göstərilməməklə inzibati təhbeh vermə haqqında qərar qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti dəqiq göstərilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP 55221697 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1269/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1269/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver