Məhkəmə qərarları › İş №3(006)-1271/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1271/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1271/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi - Bakı şəhər BPİnin DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 08 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi ərazisində hərəkətdə olarkən saxlanılmış, ilkin müayinə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda Şəxs içkili vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilmişdir. Şəxs həkim müayinəsindən keçməsi təklif olunmuş, lakin o, buna ehtiyac olmadığını və göstərici ilə razı olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək idarə etdiyi avtomobilin dostuna aid olduğunu, sürücülük vəsiqəsi olmadığını, xəstə uşağına təcili dərman lazım olduğundan həmin maşınla aptekə getdiyini, ondan bir gün əvvəl isə spirtli içki qəbul etdiyini bildirmişdir, göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan 08.04.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Opel Astra” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi ərazisində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 08.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs protokolda “Mən Şəxs alkotester göstəricisi ilə tanış oldum. Tibbi müayinəyə getməyə ehtiyac yoxdur. Bir daha spirtli içki qəbul edib maşın sürməyəcəm.” deyə qeyd etmişdir. İş materiallarında olan Şəxs tərəfindən Bakı şəhər BPİ DYPİ-nə verilmiş izahatda Şəxs sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini etiraf etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 aprel 2022-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar