Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-128/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 21 dekabr 2021-ci il tarixdə, saat 14:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən Şəxs supermarketində epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, tibbi qoruyucu maskadan istifadə edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi H.A.Cəfərli məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, həmin foto şəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmişdir. Üstəlik iş materiallarına əlavə olunmuş foto şəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum deyildir. Şəxs MMC-nin ölkə ərazisində bir çox mağazasının olduğunu nəzərdə alınsa, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardır. Habelə, həmin şəxsin kimliyi ilə bağlı iş materiallarına heç bir şəxsiyyəti təsdiq edən sənəd, yaxud izahat əlavə edilməmişdir. Digər bir məqam ondan ibarətdir ki, DVX BKSİBİ əməkdaşları Cəfərov Cahid və Məmmədov Zaur tərəfindən tərtib edilən aktda, MMC-nin rəhbəri ilə əlaqə saxlamağın mümkün olmadığı, sözügedən mağazada səlahiyyətli şəxsin olmadığı, işçi tərəfindən rəhbərin uzaqda olması, obyektə gələ bilmədiyini bildirməsi halları qeyd edilmişdir. Halbuki, DVX BKSİBİ əməkdaşları tərəfindən əvvəla MMC-nin rəhbəri ilə əlaqə saxlanılmayıb, digər tərəfdən mağazada həmin vaxt səlahiyyətli şəxs - mağaza müdiri Ağayev Fərid olub. Bu halda inzibati xəta haqqında protokol mağazanın fəaliyyətindən birbaşa məsul şəxs olan mağaza müdiri barəsində tərtib edilməli idi. İş materiallarında əlavə olaraq, vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxs olmadıqda, protokolda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, hətta ona məlumat verilsəydi belə MMC-nin qanuni təmsilçisi olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatını almalı idi. Tərtib olunan aktın mətnindən də aydın olur ki, birtərəfli və formal məqsədlə tərtib olunmuşdur. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyri-dəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. X2 100.1.7-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları qeyd edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə görə, protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xəta haqqında protokol işin hallarına uyğun gəlməyən maddəyə istinad edilərək tərtib edilmişdir. Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanın Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsi ünvanında yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamışdır. İş materiallarına nəzər yetirsək görərik ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (14009), adı, ünvanı mövcuddur. Halbuki iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)- 135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarında Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, DVX-nin vəzifəli şəxsinin protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddir. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ istinad etdiyi Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı, 25.02.2021-ci il tarixli qərarı ilə dəyişdirilmişdir. Lakin protokolu tərtib edən vəzifəli şəxs Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərardan bixəbər olmaqla, qüvvədən düşmüş qərara istinad etmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli (vəzifəli) şəxs mövcud protokolu mağaza müdirinin adına tərtib etmək səlahiyyətinə malik olmasına baxmayaraq, birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Bu da öz növbəsinə məhkəmələrdə iş yükünün külli miqdarda artmasına, əlavə proseslərin keçirilməsinə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 23.02.2017-ci il tarixli 1256 №-li Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında islərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından İXM-nin 211-ci maddəsində (sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərdir. Qeyd etdiklərimizdən görünür ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qərəzli mövqe nümayiş etdirərək mağazanın müdiri (vəzifəli şəxs) barəsində inzibati protokol tərtib edə biləcəyi halda, sırf hüquqi şəxslərə tətbiq olunan cərimənin məbləği daha yüksək olduğu üçün qərəzli şəkildə inzibati protokolu birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-128/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-128/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver