Məhkəmə qərarları › İş №3(006)-128/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-128/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-128/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi körpünün üstü A.Mustafayev küçəsində idarə etdiyi “Toyota Prius” markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi körpünün üstü A.Mustafayev küçəsi ilə hərəkət edərək idarə etməni itirərək beton səddə dəymiş və nəticədə “Toyota Prius” markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius" markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” dairəsi istiqamətindən üzü “Nəsimi Rayon Məhkəməsi” istiqamətinə A.Mustafayev küçəsi ilə təxminən saatda 40-45 km surətlə hərəkət etmiş və 3-cü mikrorayon dairəsinin üstündə olan körpünün üzərində hərəkətdə olan zaman idarəetməni itirərək beton səddə dəymişdir. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş tanışı X3 xəsarət aldığı üçün isqiqamət üzrə hərəkət edən digər avtomobil vasitəsi ilə xəstəxanaya aparmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə tanışı Şəxs idarə etdiyi “Toyota Prius" markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobildə qabaq sağ oturacaqda əyləşib avtomobillə Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” dairəsi istiqamətindən üzü “Nəsimi Rayon Məhkəməsi” istiqamətinə A.Mustafayev küçəsi ilə hərəkətdə olarkən Şəxs avtomobilin idarəetməsini itirərək beton səddə dəymişdir. Həmin vaxt zərbənin təsirindən o, xəasrət almışdır. Bundan sonra Şəxs onu digər avtomobilə mindirərək xəstəxanaya aparmış və orada ona tibbi müdaxilə edilmişdir. Hal-hazırda Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilən 1628 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə X6 PHŞ-yə müraciət etmiş və ona “alın təpə nahiyəsinin sıyrılmış yarası, sol diz oynağının yumşaq toxumasının əzilməsi' diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk kut əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə gorə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-1053 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar