Məhkəmə qərarları › İş №3(006)-128/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-128/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-128/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X12 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 07, mənzil 05-də qeydiyyatda olan, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Notarius fəaliyyəti göstərən Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına yol verilməklə müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X8 xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunur ki, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 382,1 m2 olan qeyri-yaşayış sahəsini onun adından saxta yolla tərtib edilmiş etibarnamə əsasında X14 və sonuncunun ona məlum olmayan cinayətkar dəstəsi qanunsuz olaraq ələ keçirmişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə “mygov.az” və “Mobil notariat” elektron sistemlərində axtarış edərkən müəyyən etmişdir ki, onun adından X10 adlı şəxsə Astara rayonu notariat ofisində xx.xx.2024-cü il tarixdə 7E-7872 nömrə ilə təsdiq edilmiş saxta etibarnamə verilmiş, etibarnamə verilməsi prosesində bir naməlum qadın onun adından iştirak etmiş, həmin qadının fotosu da etibarnamə rəsmiləşdirilməsi zamanı çəkilmiş və etibarnaməyə əlavə edilmişdir. Sonradan bu etibarnamə əsasında da xx.xx.2024-cü il tarixdə X10 adlı şəxs onun mülkiyyətində olan ünvan 2-də yerləşən, ümumi sahəsi 382,1 m2 olan qeyri-yaşayış sahəsini çox ucuz qiymətə X1. Bu alqı-satqı müqaviləsi də Bakı şəhəri 12 saylı notariat ofisində xüsusi notarius X16 tərəfindən xx.xx.2024-cü il tarixdə 4Ə- 2630 nömrəsi ilə təsdiq edilmişdir. O, xx.xx.2024-cü il tarixdə Astara rayonu notariat ofisində X10 adlı şəxsə etibarnamə verməmiş, həmin tarixdə ümumiyyətlə Astara rayonunda olmamışdır. Etibarnamənin təsdiq edilməsi zamanı xüsusi texniki vasitə ilə fotosu çəkilmiş və etibarnaməyə əlavə edilmiş qadın da o deyil. Etibarnamədəki imza ona məxsus deyil, onun tərəfindən də icra edilməmişdir. Bu faktı aşkar etdikdən sonra onun müraciəti əsasında həmin saxta etibarnaməyə xx.xx.2024-cü il tarixdə, saat 03:44 radələrində elektron qaydada xitam verilmişdir. Buna baxmayaraq bu saxta etibarnamə əsasında X14 xx.xx.2024-cü il tarixdə qanunsuz alqı-satqı müqaviləsi yolu ilə onun mülkiyyətində olan əmlakı öz adına keçirilməsinə nail olmuşdur. T.Nəcəfov xx.xx.2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etdikdən dərhal sonra elə həmin günü Bakı şəhəri 54 saylı notariat ofisində əmlakı üçüncü şəxsə daha baha məbləğə satmışdır; • Astara rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 7E-7872 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X5 X15 xx.xx.2029-cu il tarixədək daşınar və daşınmaz əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. digər hərəkətlər etmək səlahiyyətlərini vermişdir; • Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-2630 reyestr nömrəli müqaviləyə əsasən alıcı X3 X2 ünvan 2 ünvanında yerləşən 382,1 m2 olan qeyri-yaşayış sahəsini 420.000 manat qiymətinə almışdır. Bu müqavilə X8 əvəzinə Astara rayon notariat ofisində xx.xx.2024-cü il tarixdə verilmiş 7E-7872 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən imzalanmışdır; • Bakı şəhəri 54 saylı notariat ofisinin 4Ə/346 saylı notariat işində olan: • xüsusi notarius Şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ №1313603 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı Ələkbər-zadə Lalə Rəfailovna satıcı X7 ünvan 2 ünvanında yerləşən 382,10 m2 qeyri-yaşayış sahəsini 900.000 manata almışdır; • Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan Çıxarışa görə ünvan 2-də (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, giriş 29A) yerləşən 382,10 m2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2024cü il tarixdə qeydiyyata alınmaqla X9 xüsusi mülkiyyətindədir; • Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu Şəxs Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatına əsasən onun tərəfindən ünvan 1 ünvanda yerləşən 382,10 m2 qeyri-yaşayış sahəsinin 30 sentyabr 2024-cü il tarixdə 900.000 manata satılması barədə müqavilə rəsmiləşdirilmişdir. Əmlakın real bazar dəyəri, tərəflərin şəxsiyyəti onda heç bir sual və ya şübhə yaratmamışdır. Alıcı tərəf onların daimi müştərisidir və notariat ofisinin yerləşdiyi binanın sakinidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə, həmin Məcəllənin 598.7-ci maddəsi isə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə məsuliyyət müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: • öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); • qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); • daşınmaz əmlakın alqı-satqısı aparıldıqda notariuslara münasibətdə bu Qanunun tələbləri tətbiq olunur (3.1.2.1-ci maddə); • Öhdəlik daşıyan şəxslər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda (iyirmi min manat məbləğində və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl, əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda, əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda) müştərini eyniləşdirməli, müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər (4.4.1-ci maddə); • Öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər (4.10-cu maddə). Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”inin (X18 Reyestrində xx.xx.2023-cü il tarixdə **********0366 qeydiyyata alınmışdır) 2.1.1.7-ci bəndinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsini də ehtiva etməlidir. Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmri ilə təsdiq edilmiş “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarları (indikatorlar)”nın 12-ci bəndinə görə alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiymətinin faktiki bazar dəyərindən əhəmiyyətli dərəcədə (50% və ya daha çox) fərqlənməsi şübhə indikatoru kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində X10 etibarnamə əsasında X8 ünvan 4 ünvanda yerləşən 382,10 m2 qeyri-yaşayış sahəsini 420.000 manata Taleh Nəcəfova satmış, həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmış və xx.xx.2024-cü il tarixdə bu əmlakın Bakı şəhəri 54 saylı notariat ofisində notarius Şəxs tərəfindən 900.000 manata Ələkbər-zadə Lalə Rəfailovnaya satılmasına dair alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Bu zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsinə tam riayət olunmamış, əmlakın qiymətinin faktiki bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsinə baxmayaraq, şübhəli məqam üzrə ətraflı araşdırma aparılmadan müqavilə təsdiqlənmişdir. Bununla da, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xüsusi notarius Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə təqsirli bilinərək ona vəzifəli şəxs kimi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar