Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1285/2020 24.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 12-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu, ev 395-də yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındırmaqla sonuncuya məxsus sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, etibarnamə və 500 manata yaxın məbləğdə pulu talayaraq oğurluq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, xx.xx.2020-ci il tarixdə, saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanına gedərək binanın qarşısında dayanmış “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini üzərində gəzdirdiyi avtomobilin şamı ilə qırmışdır. O, avtomobilin salonuna daxil olaraq saxlanc yerini axtarmağa başlamış və oradan pul kisəsi taparaq götürmüşdür. O, dərhal oradan uzaqlaşaraq ara məhəllələrlə hərəkət etməyə başlamışdır. Bir qədər uzaqlaşdıqdan sonra o, pul kisəsinin içərisinə baxdıqda orada pulun olmadığını və yalnız müxtəlif sənədlərin olduğunu görmüşdür. Bu səbəbdən də o, həmin pul kisəsini yolun kənarına ataraq oradan uzaqlaşmışdır. Hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyanı ödəyə bilmir. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, idarə etdiyi “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2020ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında yerləşən binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. Həmin gün səhər saatlarında avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ şüşəsinin sındırıldığını görmüşdür. O, dərhal avtomobilin içərisinə baxdıqda özünə məxsus sənədlərin və əşyaların oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində ona təxminən 500 manata yaxın məbləğdə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərərin ödənilməsini tələb edir və şikayətçidir. Əks halda Şəxs ən ağır şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə inspektoru X2 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, idarə etdiyi “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanını qarşısında saxladığını, avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ şüşəsinin sındırılaraq içərisindən ona məxsus sənədlərin və əşyların oğurlandığını bildirmişdir. Faktla bağlı təhqiqat aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elxan Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, etibarnamə və 500 manata yaxın pulun oğurlanması faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini, onun Azərbaycan Respublikasının Qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunmasını təmin edə bilər. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilən inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 05:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxx 2020-ci il, saat 05:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-1285/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1285/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver