Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1288/2020 24.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi̇: Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında Zərərçəkmiş şəxs məxsus əl çantasında olan 90 manat məbləğində pulu talayaraq oğurluq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 16-17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, mərkəzi küçədə 133 saylı avtobusa minmişdir. Avtobus “Koroğlu” parkına yaxınlaşarkən o, avtobusun ön hissəsinə getmiş və həmin vaxt onun qarşısında çiynində qırmızı çanta olan bir qadın dayanmışdır. O, həmin vaxt avtobusda sıxlıq yaranmasından istifadə edərək həmin qadının çantasının içərisində olan pul kisəsini götürmüş, daha sonra isə Azadlıq prospektindəki dayanacaqda avtobusdan düşmüşdür. O, pul kisəsinin içərisinə baxdıqda orada təxminən 90 manat pulun olduğunu görüb həmin pulları götürmüş, pul kisəsinin özünü isə səkinin kənarına qoymuşdur. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi inzibati xətanı maddi imkansızlıq ucbatından etdiyini, törətdiyi əməlindən səmimi peşman olduğunu və ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixində, saat 16:50 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndindən 133 saylı sərnişin avtobusuna minərək oturacaqda əyləşmişdir. Həmin gün saat 17:45 radələrində ünvan 3 ünvanında avtobusdan düşmüşdür. O, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yolun kənarında olan zaman əlində olan qara rəngli çantasının açıq olmasını görmüşdür. O, dərhal əl çantasının içərisinə baxmış və içərisində şəxsiyyət vəsiqəsi, 1 ədəd “ASB Bank”a məxsus bankomat kartı, 1 ədəd “Kapital Bank”a məxsus olan bankomat kartı və 90 (doxsan) manat pul olan qırmızı rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş, daha sonra isə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 95 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin sahə inspektoru X2 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:50 radələrində əl çantasından içərisində şəxsiyyət vəsiqəsi, 1 ədəd “ASB Bank”a məxsus bankomat kartı, 1 ədəd “Kapital Bank”a məxsus olan bankomat kartı və 90 (doxsan) manat pul olan qırmızı rəngli pul kisəsinin oğurladığını bildirmişdir. Faktla bağlı təhqiqat aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, 1 ədəd “ASB Bank”a məxsus bankomat kartı, 1 ədəd “Kapital Bank”a məxsus olan bankomat kartı və 90 (doxsan) manat pul olan pul kisəsinin oğurlanması faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49- 51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-1288/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1288/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver