Məhkəmə qərarları › İş №3(006)-1288/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1288/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1288/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar "xxxx" MMC-nin qanuni təmsilçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs iştirakı ilə, xx.xx.1945-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1Y5W9GF), evli, ünvan 1 ünvanında qeydiyyatda olan «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Lakin «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 2309/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin qanuni təmsilçisi X2 bildirmişdir ki, borclu 2 ildən çoxdur ki, borcunu ödəmir. Dəfələrlə razılıq əldə etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Borcun hissə-hissə ödənilməsi də ağlabatan məsələ deyil. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə olaraq pulu birdəfəlik ödəməyə maddi imkanı olmamışdır. Ona bu ayın sonuna kimi vaxt verilərsə 9000-10000 manat ödəniş edəcək, borcun qalan hissəsini isə bir həftə aralıqla ödəyəcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 nömrəli icra sənədinin icrasını təmin etmədiyindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4313/2023 nömrəli qərarına əsasən «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla inzibati tənbeh almış şəxs «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bununla da, «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs borc məbləğlərinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «AD TRAVEL” MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar