Məhkəmə qərarları › İş №3(006)-1296/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1296/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1296/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 18 avqust 1986-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan X1 barəsində Bakı şəhər BPİ X12 İdarəsi daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru polis serjantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 16 fevral 2023-cü il tarixdə saat 09:30-da “Kia Forte” minik markalı **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və bununla Khagani Gumbatov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində, idarə etdiyi “Kia Forte” minik markalı **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə, Nəsimi Rayonu K.X.Səfərəliyev küçəsi, “Ritz-Charlton” otelindən “28 May” metrostansiyası istiqamətində hərəkətdə olarkən DYP avtomobil patrulunun özünü Elçin kimi təqdim edən əməkdaşı tərəfindən nəqliyyat vasitəsi məcburi qaydada dayandırılmışdır. Daha sonra nəqliyyat vasitəsini dayandıran əməkdaş onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə sərxoşluq vəziyyətini təyin edən cihazdan istifadə etmiş, lakin bir nəticə əldə edə bilməməsini bildirərək guya sərxoşluğunu müəyyən etmək üçün digər ekipaj üzvünün əyləşdiyi xidməti avtomobilə oturmağı təklif etmişdir. İkinci dəfə xidməti nəqliyyat vasitəsində olmuş digər əməkdaş tərəfindən alkotester tətbiq etməklə, guya, yenidən onun sərxoşluq vəziyyətini müəyyən etməyə çalışılmış, lakin cihazdan istifadə edilməklə əldə olunan nəticə barədə ona heç bir şifahi və ya yazılı məlumat təqdim edilməmiş, hətta ona guya sərxoş olmasıyla bağlı “aşkar etdikləri faktın” rəsmiləşdirilməməsi müqabilində 200 (iki yüz) manat məbləğində pul verməyi təklif etmişlər. O həmin məbləği ödəməkdən imtina etdikdə polis əməkdaşları onu aldadaraq, guya, nəqliyyat vasitəsinin iştirakı ilə törətdiyi inzibati xətalarla bağlı cərimə məbləğini ödəməsini təklif edərək vəsaiti təqdim edənədək nəqliyyat vasitəsini ödənişli məcburi duracağa aparacaqlarını bildirmişlər. Həmçinin xidməti nəqliyyat vasitəsində olarkən DYP əməkdaşı protokol tərtib edərək açıqlama vermədən heç bir narahatçılıq olmadığını əsas gətirməklə, guya, onun sərxoş olduğunu formal olaraq protokolda əks etdirdiyini bildirmişdir. Lakin DYP əməkdaşı qanunvericiliyin tələblərini pozaraq tərtib etdiyi protokolun surətini ona təqdim etməmiş və məzmunu barədə onu məlumatlandırmamışdır. 16 fevral 2023-cü il tarixində təxminən saat 12:00 radələrində DYP əməkdaşları tərəfindən ona bildirilən cərimə məbləğini ödəyərək nəqliyyat vasitəsini duracaqdan çıxarmaq məqsədilə DYPİ-nin nəqliyyat vasitələrinin məcburi duracağına getmişdir. Duracaqdan DYPİ-nin inzibati binasına yönləndirildikdən sonra ona sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsiylə bağlı inzibati xəta haqqında protokol tərtib edildiyi və barəsində toplanmış materialların baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir. Halbuki, onun barəsində tərtib olunmuş protokol qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə müraciət edərək tibbi müayinədən keçmiş və alkoqol sərxoşluğu vəziyyətinin olmamasını təsdiqləyən arayış əldə etmişdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, toplanmış sübutlarla Khagani Gumbatovun təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Alkotestr müayinəsinin nəticəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:27-də X1 müayinəsi zamanı onda alkoqol miqdarının 0.417 promil olduğu müəyyən edilmişdir. İşdə olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə haqqında protokoldan görünür ki, Khagani Gumbatov 100-150 qram miqdarda spirtli içki qəbul etdiyini etiraf etmiş, həkim müayinəsinə getməyə ehtiyac olmadığını və bir daha bu hallara yol verməyəcəyini bildirmişdir. İnzibati işə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/3701 №-li, xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, həmin gün saat 16:05-də tibbi müayinədən keçmiş X1 ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə, X2 xx.xx.2023-cü il tarixdə saat 16:05-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı ayıq olması haqqında 2/3701 №-li, xx.xx.2023-cü il tarixli Protokola əsasən inzibati məsuliyyətdən azad edilməsini mümkün saymır. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi həmin sənədlə müəyyən olunmuş hal, iş üzrə toplanmış digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, X5 yuxarıda qeyd olunan normalarla üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli və hüquqa zidd əməl törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X4 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən X4 tənbeh növünün təyin edilməsi məsələsi müzakirə edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, X1 barəsində inzibati tənbeh növü tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, X1 barəsində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini mümkün sayır və hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən edilmiş həddə cərimə ilə tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar