Məhkəmə qərarları › İş №3(006)-1297/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1297/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1297/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN Baş X4 İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci madcəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilmişdir. Barəsində cərimə yazılmasından və xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilməsindən məlumatlı olmamağına baxmayaraq, iki ay sonra qeyd olunan nəqliyyat vasitəsinə həbs qoyulması və onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X4 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququ xəbəri olmadan müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul olunarkən, onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X4 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunarkən, bunun nəticəsində isə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, X4 İdarəsinin vəzifəli şəxsləri öz qanunazidd hərəkətləri və hərəkətsizlikləri ilə nəqliyyat vasitəsini idarə etmək hüquqlarını, o cümlədən məlumat əldə etmək və şikayət etmək hüquqları məhdudlaşdırmışlar. Bundan sonra “QAZ 33021” yük markalı ** MF *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı ** İZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etdiyi zaman barəsində sürücülük hüququnun müvəqqəti məhdudlaşdırıldığı və sürücülük hüququnun olmadığı, yəni İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə İXP ******* №-li və EQ/24494283 №-li qərarlar tərtib edilmişdir. Hər iki protokola əsasən 400 manat cərimə olunmuşdur. Barəsində tərtib edilmiş nə EQ 20303494 nömrəli qərardan, nə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından xəbəri olmamışdır. Barəsində xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul olunmasından, həmin qərar əsasında ona 50 manat, daha sonra isə cərimə ödənilmədiyindən 80 manat olmasından və “QAZ 33021” yük markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həbs qoyulmasından İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə İXP ******* №-li protokol tərtib olunarkən məlum olmuşdur. Bundan sonra, hüquqları pozulduğundan dərhal həmin qərarı verilməsini tələb etmiş və ona rəsmi qaydada verildikdən sonra onun əsassız və qanunsuz olmasını hesab edərək ondan məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayəti təmin edilmiş, DİN Baş X4 İdarəsinin barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar əsassız olduğundan ləğv edilmişdir. Hesab edir ki, DİN Baş X4 idarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən məhdudlaşdırılması və nəticədə İXM 332.3-cü maddəsinə əsasən İXP ******* №-li və EQ/24494283 №-li qərarların tərtib edilməsi əsassız və qanunsuzdur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi İXM 332.3-cü maddəsinə əsasən barəsində İXP6646101 №-li və EQ/24494283 №-li qərarların tərtib edilməsinə əsas məhz xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar və Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar olmuşdur. Həmin qərar isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə əsassız olduğundan ləğv edilmişdir. Müvafiq olaraq barəsində iki dəfə 400 manat cərimə yazılmasını özündə əks etdirən İXP ******* №-li və EQ/24494283 №-li qərarlar da əsassız, və qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, o sürücüdür və ailəsinin yaşayış gəliri bu fəaliyyət ilə əlaqəlidir. Lakin, DİN Baş X4 İdarəsinin vəzifəli şəxslərinin onun hüquqlarını kobud şəkildə pozması nəticəsində onun bu gün dövlətə 800 manatdan artıq borcu yaranmışdır. Halbuki, o da İXM 339.1-1-ci maddəsində, nə də İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Lakin İXP ******* №-li və EQ/24494283 №-li qərarların yazılmasına əsas olmuş xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar ləğv olunduğundan, həmin protokolların da ləğv olunmasını tələb etmək hüququ əsaslıdır və qanunidir. İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmədiyi artıq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Məhkəmə qərarı ilə onun təqsirsiz olduğu sübut edilmiş, bu isə onun sürücülük hüquqlarının məhdudlaşdırılmasını əsassız və qanunsuz olmasını, bunun nəticəsində isə sürücülük hüququnun olmamasına görə nəqliyyat vasitəsini idarə etdiyi barədə çıxarılmış protokollar əsassız olduğundan ləğv olunmalıdır. Məlumat üçün bildirir ki, İXP ******* №-li və EQ/24494283 №-li qərarların yazılmasına əsas olmuş xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar xx.xx.2025-ci il tarixdə ləğv olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22662403 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan SMS çıxarışlardan görünür ki, Azərbaycan Respublikası DİNnin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarına xitam verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmiş, daha sonra həmin cərimə ödənmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarı ilə sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarından məlumatsız olan X2 avtomobil idarə etdiyi üçün Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin, işin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarına xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarı ləğv edilərək xitam edilmiş, bu səbəbdən də hazırki vəziyyətdə Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərarının heç bir hüquqi qüvvəsi qalmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 3730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3730/2024 saylı qərarına xitam verilməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarına xitam verilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının qanuni qüvvəsini almasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd) yüz manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar