Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1304/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi, izahat və ya vəsatətləri barədə müvafiq qeydiyyatı aparılmamış, inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən imzalanmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ümumiyyətlə dəvət etməmiş, ona izahat verməsini və protokolla tanış olmasını təklif etməmiş, protokolun surətini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərməmiş və təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi (100.1.3); olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı (100.1.6.); barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları (100.1.7) göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol 10 fevral 2023-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Göründüyü kimi, inzibati xəta haqqında protokol 10 fevral 2023-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, protokol və ona əlavə edilmiş sənədlər 07 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokola baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda olan natamamlığın işə baxılması zamanı aradan qaldırılması mümkün olmadığından, yuxarıda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 10 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1304/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1304/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver