Məhkəmə qərarları › İş №3(006)-1315/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1315/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1315/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı şəhər X4 İdarəsinin yol-patrul xidməti inspektoru tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış şikayətində göstərir ki, o, 04 mart 2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında qəbul edilmiş qərara görə cərimə edilmişdir. Həmin qərar əsassız olduğu üçün onun ləğv edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-2157/2024 saylı qərardadı ilə şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda xətanın baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsinin Nəsimi rayonu ərazisində yerləşdiyi qeyd olunmuşdur. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, tərəfimdən əldə olunmuş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin internet portalından olan “Elektron xəritə”dən aydın olur ki, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsi və ümumiyyətlə bu ünvanda yerləşən yollar Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər X4 İdarəsinin yol-patrul xidməti inspektoru tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar