Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1325/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X5 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 19, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 19-da yerləşən Şəxs MMC-yə məxsus “Avrasiya” hospitalında 29 mart 2024-cü il tarixdə, saat 12:30-da keçirilən planlı yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyət (dermatoloq X6) və lisenziyadan kənar iş və fəaliyyət (onkoloji) ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 izahatında göstərdi ki, Şəxs MMC-yə məxsus “Avrasiya” hospitalında kosmetologiya şöbəsinin müdiri vəzifəsində çalışan, ixtisasca dermatoloq olan X1 müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, ona bu sənədin müddətinin uzadılması üçün şərait yaradılmış, lakin o, belə sənədi uzun müddət ərzində təqdim edə bilmədiyi üçün onunla əmək müqaviləsinə 27 mart 2024-cü il tarixdə xitam verilmişdir. Protokolda göstərilən xətaları qəbul edirlər, şirkətə aşağı həddə cərimənin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • 11 mart 2024-cü il tarixli, KY242089750 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 19-da yerləşən Şəxs MMC-yə məxsus “Avrasiya” hospitalında plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 27-29 mart 2024-cü il; • Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-28-1/2-7656/2024 saylı bildirişə əsasən şirkətin fəaliyyət ünvanı olan ünvan 2 27-29 mart 2024-cü il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçiriləcəyi bildirilərək bununla bağlı zəruri şəraitin yaradılması xahiş olunmuş, eyni zamanda sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahının əlavə olunduğu qeyd edilmişdir; • 29 mart 2024-cü il tarixli, 187 saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama Aktı”na əsasən müəssisədə sertfikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Əmək müqaviləsinin bildiriş sənədinə əsasən kosmetologiya şöbəsinin müdiri vəzifəsində çalışan, ixtisasca dermatoloq olan X2 ən son sertfikasiya müddəti xx.xx.2023-cü il tarixə təsadüf etsə də, əmək müqaviləsinə 27 mart 2024-cü il tarixdə (yoxlama ərəfəsində) xitam verilmişdir. Müəssisədə lisenziyadan kənar “onkoloji” iş və fəaliyyəti olması faktı aşkarlanmışdır. Bir sıra xəstəlik tarixlərinə baxış zamanı (eləcə də əməliyyat jurnallarında) “onkoloji” iş və fəaliyyətini təsdiq edən kliniki diaqnozlar aşkar edildi; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2016-cı il tarixli, İSN/L-457/2016 saylı lisenziya və onun əlavəsinə görə şirkətə ünvan 3 ünvanda özəl tibb fəaliyyətinin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında onkoloji iş və fəaliyyət nəzərdə tutulmamışdır; • 11.06.2018-ci il tarixli, AH 029776 saylı “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya Şəhadətnaməsi”nə əsasən X3 həmin tarixdən “Dermatovenerologiya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Sənəd xx.xx.2023-cü il tarixə qədər etibarlıdır; • “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə Şəxs MMC ilə X6 arasında başlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib və proses iştirakçısını dinləyib müəyyən edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 19-da yerləşən Şəxs MMC-yə məxsus “Avrasiya” hospitalında 29 mart 2024-cü il tarixdə, saat 12:30-da keçirilən planlı yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyətə (dermatoloq X6) və lisenziyadan kənar iş və fəaliyyətə (onkoloji) yol verilmişdir. Bununla da MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 27-ci maddəsinə görə lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda onkoloji fəaliyyət nəzərdə tutulmamışdır. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə onkoloji yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən həkim-onkoloqlar və ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə “Med Corporation" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1325/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1325/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver