Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1327/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 237-də (özbaşına tikili) qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 03 aprel 2024-cü il tarixdə, saat 12:10-da ünvan 1 ünvanda xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, 03 aprel 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində polis əməkdaşları hadisə yerindən qayıdan zaman bir nəfər şəxsin hündürdən söyüş söyərək orada olan digər taksi sürücülərinə irad bildirdiyini görüb ona yaxınlaşmış, həmin vətəndaşa özünü təqdim etməsini bildirib nə baş verdiyini soruşmuşlar. Bu şəxs polis əməkdaşlarına aqressiv şəkildə “gedin işinizlə məşğul olun” ifadəsini işlədərək hadisə yerindən yayınmaq istəmişdir. Polis əməkdaşları onun bu hərəkətinin qarşısını almış, təkrarən ondan qanunazidd hərəkətlərinin dayandırılmasını, özünü təqdim etməsini tələb etdikdə həmin şəxs anidən tərpənərək qaçmağa cəhd göstərmiş və ətrafa yığılan şəxslərin diqqətini cəlb etməyə çalışmışdır. Bundan sonra ona fiziki zor tətbiq olunaraq şöbəyə gətirilmişdir. Şöbədə bu şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Onun məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, uşağına pampers almaq üçün “Spar” marketə gəlmiş, bu zaman iki nəfər mülki geyimli şəxs onu arxadan tutmuş, heç bir səbəb olmadan onu qara rəngli avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. O, heç kimə qarşı xuliqanlıq etməmiş, polisə müqavimət göstərməmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili X4 şahid qismində izahatında bildirdi ki, 03 aprel 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində əməliyyat qrupunun tərkibində hadisə yerindən qayıdan zaman bir nəfər şəxsin hündürdən söyüş söyərək digər orada olan taksi sürücülərinə irad bildirdiyini görüb ona yaxınlaşmış, nə baş verdiyini və həmin şəxsə özünü təqdim etməsini, üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədin olub-olmamasını soruşmuşlar. Cavabında həmin şəxs onların polis formasında olmalarına baxmayaraq aqressiv şəkildə “gedin işinizlə məşğul olun” ifadəsini işlədərək hadisə yerindən yayınmaq istəmişdir. Onlar onun bu hərəkətinin qarşısını almış və təkrarən ondan qanunazidd hərəkətlərinin dayandırılmasını, özünü təqdim etməsini tələb etdikdə, həmin şəxs anidən tərpənərək qaçmağa cəhd göstərmiş və ətrafa yığılan şəxslərin diqqətini cəlb etməyə çalışmışdır. Bundan sonra onlar fiziki qüvvə tətbiq edərək həmin şəxsi maşına əyləşdirərək 19-cu polis şöbəsinə gətirmiş və orada onun Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 aprel 2024-cü il tarixdə, saat 12:10-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdə, saat 12:10-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1327/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1327/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver