Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1328/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında 19-cu polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 6549XTG), subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Şübani Hərbi şəhərcikdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində xırda xuliqanlıq etmiş, daha sonra polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, 19-cu polis şöbəsinin inzibati ərazisində xidmətdə olan zaman xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində bir nəfər şəxsin qanunla müəyyən olunmayan yerdə tütün məmulatlarından istifadə edib onu urnalardan kənar yerə atdığı üçün həmin şəxsə yaxınlaşmışlar. Sonuncu özünü təqdim etməyərək polisin qanuni tələbini qəsdən pozub ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Polis şöbəsinə gətirilmiş həmin şəxsin Şəxs olduğu müəyyən olunmuş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində olan zaman fikirli olduğundan bilmədən siqaretin kötüyünü yerə tullamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış, o, özünü təqdim etmiş və bir daha siqaret kötüyünü yerə atmayacağını bildirsə də, polis əməkdaşları onunla aqressiv danışmışlar. O, heç bir tabesizlik göstərməmiş, polisin tələbinə tabe olmuş və onlarla birgə şöbəyə də getmişdir. Şöbədə olan zaman bir az əsəbi olduğundan özünə xəsarət yetirmişdir. O, müharibə veteranıdır, Azərbaycan Respublikasının medalları ilə təltif olunub. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid 19-cu polis şöbəsinin sahə inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə o, iş yoldaşları ilə birlikdə şöbənin inzibati ərazisində xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində bir nəfər şəxsin qanunla müəyyən olunmayan yerdə tütün məmulatlarından istifadə edib onu urnalardan kənar yerə atdığı üçün həmin şəxsə yaxınlaşmışlar. Sonuncu özünü təqdim etməyərək polisin qanuni tələbini qəsdən pozub ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Bu səbəbdən də həmin şəxsi 19-cu polis şöbəsinə aparılmış və orada müvafiq raport yazılmışdır. İş materiallarında olan: Kompakt diskdəki görüntülərdən aydın olur ki, hadisə yerində polis əməkdaşları Şəxs özünü təqdim etməsini istəmiş, sonuncu da özünü təqdim edir, polisin qanuni tələbi pozmadığını, bir daha siqaretin kötüyünü yerə atmayacağını bildirir. Onlar arasında sözlə mübahisə olsa da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı görünmür. Daha sonra Şəxs 19-cu polis şöbəsinin inzibati binasında divardan asılmış yanğın təlimatını yumruqla vuraraq sındırır və şüşə ilə sol qolunu bir neçə yerdən kəsib özünə xəsarət yetirir; 07 mart 2025-ci il tarixli aktda qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 14:40 radələrində 19-cu polis şöbəsinə gətirilmiş Şəxs özünü aqressiv apararaq polisin qanuni tələblərinə tabesizlik göstərib inzibati binada divardan asılmış yanğın təlimatını yumruqla vuraraq sındırmış və şüşə ilə sol qolunu bir neçə yerdən kəsib özünə xəsarət yetirmişdir. Həmçinin Şəxs inzibati binada iş rejimini kobud surətdə pozmuşdur; Şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2352 saylı Sərəncamı ilə “İgidliyə görə”, xx.xx.2020-ci il tarixli, 2370 saylı Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, 2372 saylı Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, xx.xx.2021-ci il tarixli, 2712 saylı Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 2714 saylı Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 2722 saylı Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını və video görüntünü araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilsə də, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, məhkəmədə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində olan zaman siqaretin kötüyünü yerə atdığına görə polis əməkdaşları tərəfindən saxlanılmış, o, bir daha belə hərəkətə yol verməyəcəyini bildirsə də, onunla polis əməkdaşları arasında mübahisə yaranmış və bununla əlaqədar o, polis şöbəsinə aparılmışdır. Lakin Şəxs tərəfindən polis işçisinin hansı qanuni tələbinə tabesizlik nümayiş etdirməsi, bu tələbin konkret olaraq nədən ibarət olması, eyni zamanda tabesizliyin nədə ifadə olunması müəyyən edilmir. Daha sonra o, şöbənin inzibati binasında olan zaman divardan asılmış yanğın təlimatını yumruqla vuraraq sındırmış, şüşə ilə sol qolunu bir neçə yerdən kəsib özünə xəsarət yetirmişdir. Bununla da o, şöbənin normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Buna görə də məhkəmə hesab edir ki, Rəhmanov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalı, həmin Məcəllənin 535.1-ci maddəsi üzrə isə onun barəsində başlanılmış iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə müvafiq olaraq xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən: Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə); Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (84-cü maddə). Məhkəmə Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə aparılmış hərbi əməliiyatlarda iştirak edərək dövlət tərəfindən medallarla təltif olunmasını İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1328/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1328/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver