Məhkəmə qərarları › İş №3(006)-1341/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1341/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1341/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə rəisi, baş leytenant X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Şuşa rayonu, Şırlan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 14.04.2021-ci il tarixdə, saat 15:16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında Zərərçəkmiş şəxs məxsus “Samsung A10” markalı telefonu oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə rəisi, baş leytenant X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 14.04.2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs maşınına minmiş, maşında olarkən Şəxs məxsus “Samsung A10” markalı telefonu götürmüş, avtomobildən düşdükdən sonra isə Zərərçəkmiş şəxs ona məxsus telefonun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində sonuncuya 400 manat dəyərində maddi ziyan dəymişdir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, boş vaxtlarında özünə məxsus Mersedes markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. 14.04.2021-ci il tarixdə saat 15:16 radələrində idarə etdiyi həmin avtomaşınla Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yanından götürmüş və ünvan 4 ünvanda düşürmüşdür. Şəxs düşüb getdikdən sonra avtomobilin salonunda şitin altında yerləşən açıq cibdə qoymuş olduğu dəyəri 400 AZN olan «Samsung A10» markalı, İMEİ kodu 353232/********** olan mobil telefon aparatının oğurlandığını aşkar etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək əməlindən peşman olduğunu, oğurladığı telefonu satdığını və hazırda dəymiş zərəri ödəməyə imkanının olmadığını bildirmiş, göstərilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 24.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 24.05.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 24.05.2021-ci il tarixdə, saat 22:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 24 may 2021-ci il tarixdən saat 22:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar