Məhkəmə qərarları › İş №3(006)-1343/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1343/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1343/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhəri BPİ X10 İdarəsinin 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində İXM 327.1 və 327.2-ci maddələrinin tələbini pozmağı ilə bağlı X9 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Bildirir ki, tərtib olunan protokol Yol Patrul Xidməti əməkdaşı tərəfindən bilavasitə görülərək tərtib edilməmişdir. Belə ki, protokol göstəriş əsasında tərtib edilmişdir. Protokol tərtib edilərkən əməkdaşa protokol ilə razılaşmadığını bildirsə də, əməkdaş göstəriş olduğu üçün mütləq qaydada protokol tərtib etməli olduğunu bildirmişdir. Bu səbəbdən də şikayəti protokolu tərtib edən əməkdaşla bağlı deyil, məhz protokolun özü ilə bağlıdır. Daha sonra Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsində törətmiş olduğu qayda pozuntusunun videogörüntüsünə tərəfindən baxılmışdır və videogörüntüdən də tam aydın olmuşdur ki, o hər hansı qayda pozuntusu törətməmişdir. Belə ki, Yol Hərəkəti haqqında Qanunun 1-ci maddəsinin 41-ci bəndində qeyd olunmuşdur: yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. O hərəkətə başladığı zaman baş yoldan gələn heç bir nəqliyyat vasitəsinə hər hansı maneçilik törədilməmişdir. Bütün bunları nəzərə alaraq protokolu qanunsuz hesab edir. Bu barədə aidiyyəti üzrə şikayət ünvanlamağına baxmayaraq, şikayətinə baxılmamışdır. Bu səbəbdən yuxarı səlahiyyətli orqana şikayət ərizəsi ilə müraciət edir. İXM-in 8.1-ci maddəsinə görə - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 2-ci bəndində - inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 3-cü bəndində isə - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir deyilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ona qeyri-qanuni tərtib olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verib, əlavə olaraq onun avtomobili idarə etdiyi vaxt digər avtomobillərə maneəçiliyi olmadığını bildirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs X1 inzibati xətanı törətməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Kamera görüntülərinə baxıldıqda “Ford Focus” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu müəyyən olunur. Göründüyü kimi, şikayətin heç bir əsası yoxdur. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X10 İdarəsinin polis baş serjantı X5 tərəfindən tərtib olunmuş 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 05 mart 2024-cü il tarixdə saat 08:58-də «Ford Focus» minik markalı, **- UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi və yolayrıcını keçmə qaydalarını pozduğu əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05 mart 2024cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 «Ford Focus» minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi və yolayrıcını keçmə qaydalarını pozduğu göstərilmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 05 mart 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05 mart 2024cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri BPİ X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05 mart 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar