Məhkəmə qərarları › İş №3(006)-1350/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1350/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1350/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında 21-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X3 Barəsində icraat aparılan şəxs: X2 iştirakları ilə xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı (FİN: xxxxxxx), subay, Lənkəran rayonu, Liman şəhəri, H.Z.Tağıyev küçəsi, ev 01-də müvəqqəti qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 04 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində xırda xuliqanlıq etmiş, daha sonra polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə bölməyə “102” xidmətindən daxil olmuş məlumat əsasında ünvan 1 ünvanda yerləşən “Vurğun Residence” yaşayış kompleksinə əməliyyat qrupu getmiş, hadisə yerində bir nəfər qadın ictimai yerdə nalayiq küçə ifadələri ilə polis əməkdaşlarını təhqir etmiş, bundan başqa polis əməkdaşı İlkin Məmmədovun üzərinə hücum edərək təpik və əli ilə onu vurmuşdur. Polis bölməsinə gətirilmiş bu şəxsin X1 müəyyən edilmişdir. Polis bölməsinə gətirilən zaman Ləman Ələkbərova polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmiş və əməliyyat qrupunun üzvlərini işdən çıxaracağı ilə hədələmişdir. Qeyd olunanlarla əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə “Vurğun Residence” yaşayış kompleksinin idman zalında telefonla danışdıqdan sonra əsəbləşmiş və səs-küy salmışdır. Bu səbəbdən də polis əməkdaşları ora gəlmişlər. Bu zaman o, əsəbi olduğundan polis əməkdaşlarını təhqir etmiş, özündən asılı olmayaraq onların üzərinə hücum etmişdir. Əməlindən çox peşmandır. İş materiallarına əlavə edilmiş kompakt diskdəki görüntülərdən aydın olur ki, X5 ictimai yerdə polis əməkdaşları ilə mübahisə edir, onların üzərlərinə hücum edib əl-qol hərəkətləri və təpik atır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə X2 törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar