Məhkəmə qərarları › İş №3(006)-1351/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1351/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1351/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində “Moskva Ticarət Mərkəzi” qarşısında Cavadxan 11 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru – X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Göstərilənlərlə əsasən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Moskva Ticarət Mərkəzinin qarşısında dostu ilə görüşməyə gedərkən avtomaşınlar piyadalara yol vermədiyinə görə əsəbləşmiş ictimai yerdə ünvansız küçə söyüşləri söymüşdür. Ona polis əməkdaşları yaxınlaşıb ictimai qaydanı pozduğuna görə irad bildirmişlər. Həmin iradları qəbul etməyib özünü təqdim etməkdən boyun qaçırmış, əsəbi olduğu üçün əl-qol hərəkətləri ilə polis əməkdaşlarına kobudluq etmiş və qaçmaq istəmişdir. Daha sonra polis əməkdaşları tərəfindən 19-cu PŞ-nə gətirilmişdir. Tutduğu əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində “Moskva Ticarət Mərkəzi” qarşısında Cavadxan 11 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini, bununla da ətrafa toplaşan şəxslərin diqqətini cəlb etdiyini görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək ondan hərəkətlərini dayandırmasını və şəxsiyyətini təsdiq edən hər hansı sənədi varsa təqdim etməsini tələb etmişlər. Onu şöbəyə dəvət etsələr də, o yayınmağa cəhd göstərdiyindən polis əməkdaşları tərəfindən Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raporta əsasən, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X5 xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində ünvan 2 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini, bununla da ətrafa toplaşan şəxslərin diqqətini cəlb etdiyini görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək ondan hərəkətlərini dayandırmasını və şəxsiyyətini təsdiq edən hər hansı sənədi varsa təqdim etməsini tələb etmişlər. Onu şöbəyə dəvət etsələr də, o yayınmağa cəhd göstərdiyindən polis əməkdaşları tərəfindən Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.2001-ci il təvəllüdlü Şəxsdur Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru – X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində “Moskva Ticarət Mərkəzi” qarşısında Cavadxan 11 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində “Moskva Ticarət Mərkəzi” qarşısında Cavadxan 11 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq edərək ictimai qaydanı pozan hərəkətlər etmiş, polis əməkdaşının ictimai qaydanı pozmamaq və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Bununla da, Əhmədli X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əhmədli X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar